25/10/2015 19:56

Müdafiə naziri əsgər valideynləri ilə bir arada – FOTO-VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə “Açıq qapı” günü tədbiri keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Oktyabrın 25-də hərbi hissəyə gələn müdafiə naziri general-polkovnik Zakir Həsənov əsgər valideynləri və yaxınları ilə görüşərək prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən qısa müddətdə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, ordunun silahlanmasına qəbul edilən ən müasir döyüş texnikası, silah-sursat, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər, yeni inşa edilən hərbi şəhərciklər, eləcə də müdafiə sahəsinə aid infrastruktur dəyişiklikləri və digər məsələlər barədə söhbət edib.

Ziyarətçilər hərbi hissədə əsgərlərin yaşayış və məişəti üçün yaradılan şəraitlə tanış olub, xidməti, inzibati binaları, hamam-camaşırxana-qazanxana kompleksini gəzib, nümayiş etdirilən döyüş texnikası və silahlara baxıb, təlim nöqtələrində hərbi qulluqçuların çıxışlarını izlədikdən sonra əsgər yeməkxanasında nahar edib və xatirə fotosu çəkdiriblər.

Keçirilən tədbirdən və hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitdən məmnun qalan valideynlər dövlət başçısına Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Bildirilib ki, “Açıq qapı” günü tədbirləri bundan sonra da bütün hərbi hissələrdə mütəmadi olaraq keçiriləcək.

Qeyd edək ki, bu, son 20 ildə Azərbaycanda müdafiə nazirinin əsgər valideynləri ilə ilk görüşüdür. Sabiq müdafiə naziri Səfər Əbiyevin dövründə müdafiə nazirinin əsgər valideynləri ilə bu tip görüşləri olmayıb.

aciqqapi1

aciqqapi2

aciqqapi3

aciqqapi4

aciqqapi5

aciqqapi6

aciqqapi7

aciqqapi9

aciqqapi10

aciqqapi12