22/06/2018 22:10

Müdafiə naziri: İlin sonunadək 4 yeni hərbi şəhərciyin inşası başa çatdırılacaq

Qısa müddətdə, xüsusilə cəbhəboyu zonada, 40-dək yeni hərbi şəhərcik inşa edilərək istifadəyə verilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib.

Hərbi hissələrin yenilənməsi, hərbi qulluqçuların xidməti şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər barədə məlumat verən general-polkovnik Zakir Həsənov bildirib ki, Müdafiə Nazirliyinin prioritet istiqamətlərindən biri də hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasıdır. Hazırda 5 hərbi hissədə tamamlama işləri davam etdirilir. İlin sonunadək daha 4 yeni hərbi şəhərciyin inşa edilərək sona çatdırılması planlaşdırılır.

Bundan əlavə, Ali Baş Komandanın tapşırığına əsasən yaxın vaxtlarda daha 500-dək hərbi qulluqçunun daimi mənzillə təmin olunması nəzərdə tutulub.

“Dövlətimizin diqqəti və qayğısı nəticəsində son illərdə Bakı, Gəncə və Naxçıvanda 1400-dək hərbi qulluqçu daimi mənzillə, ölkənin müxtəlif bölgələrində isə 2000-dək hərbi qulluqçu xidməti mənzillə təmin olunub. Silahlı Qüvvələrimizin şəxsi heyətinin 85 faizi yeni inşa edilən müasir hərbi şəhərciklərdə yerləşdirilib”, – deyə nazir əlavə edib.