24/06/2016 11:49

Müdafiə naziri NATO Müdafiə Kollecinin rəisi ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan NATO Müdafiə Kollecinin rəisi general-mayor Yanuş Boyarski ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 2AzeriDefence”yə verilən məlumata görə, müdafiə naziri NATO nümayəndəsinə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri, həmçinin qoşunların qarşıdurma xəttindəki cari əməliyyat şəraiti barədə məlumat verib.

Müdafiə naziri Z.Həsənov “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına göstərilən dəstəyə görə qonağa öz təşəkkürünü bildirib.

Öz növbəsində general-mayor Y.Boyarski Müdafiə Kollecinin fəaliyyəti barədə məlumat verərək Azərbaycana səfərdən məmnun qaldığını diqqətə çatdırıb.  Avropa, Yaxın Şərq və Şimali Afrika regionlarının 31 ölkəsindən olan 120 nəfərlik heyətin əksəriyyətinin müdafiə və təhlükəsizlik sahəsində strateji vəzifələrdə çalışdığını diqqətə çatdıran qonaq bu cür səfərlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.