15/02/2019 12:15

Müdafiə naziri Rusiyanın hərbi attaşesini qəbul edib

Fevralın 15-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda fəaliyyət müddəti başa çatan Rusiyanın Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik İqor Lobastov ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə iki ölkə arasında hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin regionda təhlükəsizliyin təmin edilməsi üçün vacibliyi, ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bundan əlavə, görüşdə Rusiya istehsalı olan müasir, yüksək dəqiqlikli döyüş texnikası, silah və digər hərbi təyinatlı vasitələrin Azərbaycan ordusunun silahlanmasına daxil edilməsi, bu sahədə fəaliyyətlərin hər iki dövlətin qarşılıqlı anlaşma və razılığı əsasında daha da genişləndirilməsi və davamlılığı məsələləri müzakirə olunub.

Görüşdə iki ölkənin Silahlı Qüvvələrinin birgə hərbi təlimlərinin keçirilməsi, qarşılıqlı səfərlərin, işçi görüşlərinin təşkili, ekspertlər səviyyəsində təcrübə mübadiləsi, Rusiyanın hərbi məktəblərində kursant və mütəxəssislərin hazırlanması məsələlərinə də diqqət yetirilib.

Səmimi qəbula görə minnətdarlığını bildirən hərbi attaşe iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini  vurğulayıb.