20/06/2018 10:16

Müdafiə naziri səhra məşğələlərinin gedişini izləyib – FOTO

İyunun 20-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələr ilə keşirilən səhra məşğələlərinin gedişini izləyib.

“AzeriDefence”nin məlumatına görə, Müdafiə naziri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 3-cü kurs kursantlarının taktiki məşğələlərinin keçirildiyi taktiki qüllədəki tədris sinifinə gəlib.

“Mexanikləşdirilmiş taqım hücumunda” mövzu üzrə məşğələnin keçirilməsi planına uyğun olaraq kursantlar taqım və manqa komandirləri rolunda çıxış edərək məşğələ zamanı yaradılmış taktiki vəziyyətə uyğun hərəkət ediblər.

Taqım komandiri vəzifəsinə təyin edilmiş kursantlardan biri hücum haqqında əmri taqım şəxsi heyətinə çatdırdıqdan sonra qarşılıqlı fəaliyyət təşkil edib və döyüş texnikasında praktiki hərəkətlərə başlayıb. Bu mərhələdə mina sahəsinin keçilməsi, döyüş düzülüşünün müxtəlif formalarının tədbiqi, şərti düşmənin aldadılması qaydaları, maskalanma və s. tapşırıqları nəzərdə tutan müasir ümumqoşun döyüşünün taktiki üsulları icra edilib.

Sonra Müdafiə naziri snayperlərin hazırlığı mərkəzinin atış sahəsinə gələrək praktiki atışların təşkili və icrasını müşahidə edib. Təlim nöqtələrində snayperlər hədəfin aşkar edilməsi, atəş mövqeyinin tutulması, maskalanma, sərrast atəşlə hədəfin məhv edilməsi və digər fəaliyyətləri icra edir, həmçinin snayper sənətinin nəzəri əsaslarını öyrənirlər.

Müdafiə naziri motatıcı, tank və artilleriya bölmələrinin hazırlığını da izləyib. Məşğələlərə cəlb edilmiş şəxsi heyət atəş, taktiki, taktiki-xüsusi hazırlıq, döyüş maşınlarının idarə olunması və digər tapşırıqları yerinə yetirib.

Təlim məşqlərinin sonunda general-polkovnik Z.Həsənov poliqona dəvət olunmuş KİV nümayəndələri ilə görüşüb.