18/06/2019 14:55

Müdafiə naziri: Sərhədçilərimiz öz işlərinin öhdəsindən bacarıqla gəlirlər

Azərbaycan sərhədçiləri Ermənistanla dövlət sərhədində öz işlərinin öhdəsindən bacarıqla gəlirlər.

“AzeriDefence”nin məlumatına görə, bunu jurnalistlərə müsahibəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Nazir qeyd edib ki, ötən əsrin 90-cı illərindən Ermənistanla sərhədi Azərbaycan Ordusu mühafizə edir.

“Azərbaycan Sərhəd Qoşunları inkişaf edir, yeni silahlarla təchiz olunur, döyüş hazırlığı ilə məşğuldur. Ali Baş Komandan belə qərar qəbul etdi ki, Ermənistanla sərhədin kiçik bir hissəsi Sərhəd Qoşunlarına verilsin. Xidməti döyüş fəaliyyətinə baxsınlar və gələcəkdə bu sahə sərhədçilərə həvalə olunsun. Bu gün sərhədçilər öz işlərinin öhdəsindən bacarıqla gəlirlər”, – deyə nazir vurğulayıb.

Müdafiə naziri bildirib ki, gələcəkdə Ermənistanla dövlət sərhədinin digər hissələrinin Sərhəd Qoşunlarına verilməsi barədə Ali Baş Komandanın qərarı olarsa, bu ordunun ehtiyatını daha da artırar: “Ermənilər də başa düşürlər ki, ordunun sərhədçilərlə əvəz olunması hesabına ordunun ehtiyatı daha çox olur, ordu daha da güclənir”.