28/06/2016 00:37

Müdafiə naziri xüsusi təyinatlı təhsil müəssisələrinin məzunları ilə görüşüb

İyunun 27-də Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasında Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin bir qrup məzunu ilə görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

General-leytenant Nizam Osmanov 2016-cı il məzunlarının keçdiyi kursların əhəmiyyəti, hərbi təhsilin daha da təkmilləşdirilməsi məqsədilə son dövrlərdə aparılan islahatlar və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər barədə qısa məlumat verib. O, hərbi təhsil sahəsinə göstərilən diqqətə görə Ali Baş Komandana və nazirliyin rəhbərliyinə minnətdarlığını bildirib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov isə məzunlar qarşısında çıxış edərək onları ilk zabit rütbələri almaları münasibətilə təbrik edib. Müdafiə naziri prezident İlham Əliyevin tapşırığına əsasən orduda aparılan son islahatlar, hərbi təhsil sistemində həyata keçirilən vacib tədbirlər, təşkilat-ştat strukturunun təkmilləşdirilməsi, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş, texniki və mənəvi-psixoloji hazırlığında qarşıda duran mühüm vəzifələrdən danışıb.

“Döyüş hazırlığının artırılması məqsədilə silahlanmaya ən müasir döyüş texnikası və hərbi təyinatlı vasitələr qəbul edilir, planauyğun müxtəlif səviyyəli təlimlər keçirilir, yeni poliqonlar tikilir, şəxsi heyətin sırf döyüş hazırlığı ilə məşğul olması üçün mülki vətəndaşların işə cəlb olunması, döyüş qabiliyyəti tələb edən vəzifələrə ixtisaslı mütəxəssislərin təyin edilməsi prosesi sürətlə həyata keçirilir”, – deyə nazir qeyd edib.

Müdafiə naziri bildirib ki, hərbi qulluqçuların təminatının, sosial-məişət şəraitinin, sağlamlıq məsələlərinin daim diqqətdə saxlanılması və yaxşılaşdırılması üçün yeni hərbi şəhərciklərin, daimi və xidməti mənzillərin istifadəyə verilməsi davam edir.

Aprel ayında cəbhə xəttində baş verən hadisələrə toxunan nazir Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş hazırlığının yüksək səviyyədə olmasını bir daha vurğulayıb. General-polkovnik Z.Həsənov qeyd edib ki, hadisələr Azərbaycan dövlətinin, xalqının qüdrətini, Azərbaycan əsgərinin silahının gücünü, onun döyüş və mənəvi-psixoloji hazırlığını bir daha nümayiş etdirdi. Qısa müddətdə həyata keçirilən əks-həmlə nəticəsində işğal altında olan vacib əhəmiyyətə malik yüksəkliklər azad edildi.

Çıxışını gənc zabitlərə müraciətlə davam edən nazir qeyd edib ki, Azərbaycan ordusunun hər bir zabiti rəhbərlik etdiyi kollektivə şəxsi nümunə olmalıdır.

“Silahlı Qüvvələrin hərbi qulluqçusu dövlətə sadiq olmalı, Vətənə və torpağa sevgi, düşmənə nifrət hissi ilə xidmət etməlidir. Dövlətimiz və xalqımızın etimadını doğrultmaq üçün durmadan peşəkarlıq səviyyənizi, bilik və bacarığınızı artıraraq düşməndən üstün olmalı və torpaqlarımızın işğaldan azad edilməsi üçün silahınızı daim hazır saxlamalısınız” – deyə general-polkovnik Z.Həsənov vurğulayıb.

mezungorus2