23/11/2018 16:20

Müdafiə naziri yeni inzibati binanın açılışında iştirak edib

Noyabrın 23-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti əsaslı təmirdən sonra istifadəyə verilən Əsaslı tikinti şöbəsinin inzibati binasının açılışında iştirak ediblər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirinə məlumat verilib ki, mərkəzləşdirilmiş istilik sistemi, elektrik və su xətləri ilə təchiz edilmiş bina nəzarət, layihə, maliyyə və texniki bölmələr üçün nəzərdə tutulmuş xidməti və digər otaqlardan ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub.

Binanın açılışından və ərazi ilə tanışlıqdan sonra müdafiə naziri hərbi qulluqçuların xidməti, sosial-məişət, mənzil istismar və kommunal şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.