22/06/2018 21:58

Müdafiə Nazirliyi AMEA ilə birgə hərbi təyinatlı məhsulların yaradılması layihələri üzərində işləyir

Müdafiə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə birgə müdafiə təyinatlı bəzi məhsulların yaradılması layihələri üzərində işlər aparır.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib.

Nazir qeyd edib ki, AMEA ilə birgə aparılan layihələr əsasında bəzi müdafiə təyinatlı məhsullar sınaqdan keçirilib və hazırda təkmilləşdirmə işləri davam etdirilir.

Silahlanma prosesinin davamlı getdiyini və yeni silahların alındığına diqqət yönəldən müdafiə naziri bildirib ki, bu proses regionun xüsusiyyətləri, cəbhəboyu zonadakı şərait və vəziyyət nəzərə alınmaqla həyata keçirilir.

“İnkişaf etmiş müxtəlif ölkələrdə istehsal olunan yeni, müasir və keyfiyyətli döyüş texnikası, eləcə də digər hərbi təyinatlı məhsullar alınaraq silahlanmaya daxil edilir. Biz müxtəlif ölkələrdən müasir döyüş təyyarələri, döyüş və hərbi nəqliyyat helikopterləri, artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri, pilotsuz uçuş aparatları alırıq”, – deyə nazir bəyan edib.

Nazir onu da vurğulayıb ki, hazırda Rusiya, Belarus, Ukrayna kimi tərəfdaşlarla yanaşı Türkiyə, o cümlədən İran, Pakistan, İsrail, Cənubi Afrika Respublikası və digər inkişaf etmiş dövlətlərlə qarşılıqlı əməkdaşlıq çərçivəsində hərbi imkanlar genişləndirilir.