12/07/2019 19:35

Müdafiə Nazirliyi: Amerikalı konqresmenin təklifi təəccüb doğurur

ABŞ Konqresinin Nümayəndələr palatasının konqresmeni Bred Şermanın Azərbaycana “Dağlıq Qarabağ hava məkanında mülki təyyarələri təhdid edə biləcək” ABŞ silahlarının satılmasına qadağa qoyulması məqsədilə qanunvericilik təşəbbüsü ilə çıxış etməsi məsələsinə Müdafiə Nazirliyindən münasibət bildiriblər.

Nazirliyin mətbuat xidmətindən “Azeri Defence”yə verilən məlumata görə, ABŞ indiyədək Azərbaycana heç bir silah satmadığından ortaya atılan bu təklif təəccüb doğurur.

“Azərbaycan dünyanın qabaqcıl hərbi texnologiyalarına malik ölkələrdən kifayət qədər silah və döyüş vasitələri alır. Hərbi Hava Qüvvələrimizin silahlanmasına daxil edilən müxtəlif tipli hava hücumundan müdafiə vasitələri hava məkanımızı tam qorumağa və təhdid yaranarsa dərhal cavab tədbirləri görməyə qadirdir. Bundan əlavə, konqresmenə yəqin bəlli olmalıdır ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və münaqişə bölgəsi olduğundan Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən mülki aviasiya vasitələrinin bu istiqamətdə uçuşlarına uzun müddətdir tam qadağa qoyulub”, – deyə Müdafiə Nazirliyi bəyan edib.