26/03/2016 13:01

Müdafiə Nazirliyi: “Azərbaycan Silahlı Qüvvələri düşmənin hərbi məqsədli obyektlərini və kommunukasiya xətlərini hədəfdə saxlayır”

“Azərbaycan Silahlı Qüvvələrinin atəşi nəticəsində guya erməni mülki əhaliyə xəsarət yetirilməsi barədə erməni tərəfinin yaydığı məlumatlar həqiqətə uyğun deyil. Canlı hərbi qüvvə və döyüş texnikası sarıdan itki verən ermənilərin bu uydurmasını qəti surətdə rədd edirik”.

“AzeriDefence”nin məlumatına görə bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri yalnız düşmən mövqelərini, səngərlərini, hərbi məqsədli obyektləri, nəqliyyat vasitələrini və kommunukasiya xətlərini hədəfdə saxlayır.

“Hər dəfə Ermənistanın hərbi-siyasi rejiminin nümayəndələrinin cəbhəyə səfərlərindən sonra bütün təmas xətti boyu gərginliyin artması müşahidə edilir və bu süni şəkildə vəziyyəti kəskinləşdirmək məqsədi daşıyır”, – deyə Nazirliyin bəyanatında bildirilib.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda Azərbaycan Ordusunun TR-107 reaktiv artilleriya sistemi ilə açdığı atəş nəticəsində Qarabağda Taxavard kənd sakini Yervand Pirumyanın,  Ermənistanla sərhəddə atəşkəsin pozulması nəticəsində isə Berkaber kəndinin sakini Norik Alixanyanın yaralandığı qeyd olunub.