29/02/2016 14:32

Müdafiə Nazirliyi bəzi media qurumlarını təxribatçılıqda ittiham edib

Müdafiə Nazirliyi bəzi media vasitələrini həqiqətə uyğun olmayan məlumat yaymaqda ittiham edib.

Sorğuya əsasən, Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzerDefence”yə bildirilib ki, bu gün bəzi elektron kütləvi informasiya vasitələrində 2014-cü ilin iyun ayında Naxçıvan istiqamətində yerləşən qoşunların təmas xəttindəki vəziyyətlə əlaqədar dərc olunmuş dezinformasiya xarakterli məlumat təkrarən sosial şəbəkələr və elektron mediada yayımlanıb.

Məlumat təqribən iki il əvvəl verilib və elə o vaxt da dərhal Müdafiə Nazirliyi tərəfindən bu xəbərin dezinformasiya olması bildirilib.

Bu əsassız xəbərin yenidən gündəmə gətirilməsi kimlərinsə maraqlarına xidmət və təxribata şərait yaratmağa cəhd kimi dəyərləndirilir.

Xatırladaq ki, bu gün bəzi informasiya vasitələri ermənilərin Naxçıvana hücum etməsi barədə məlumatlar yayıb.