08/02/2018 12:09

Müdafiə Nazirliyi: Füzuli istiqamətində ermənilərin təxribat cəhdinin qarşısı alındı – düşmən 3 itki verib

Cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Ermənistan mətbuatında erməni hərbi qulluqçusu Ayk Kələntəryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatı şərh edən Müdafiə Nazirliyi bəyan edib ki, həyata keçirilmiş tədbir nəticəsində Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib və 2 hərbçisi isə ağır yaralanıb. Düşmən geri çəkilməyə məcbur edilib.

Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.