20/11/2015 10:46

Müdafiə Nazirliyi HHQ-nin hərbi hissə komandirinin vəzifəsindən azad edilməsi xəbrinə aydınlıq gətirib

Müdafiə Nazirliyi bəzi kütləvi informasiya vasitələrində Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Surxay Hüseynovun tutduğu vəzifədən azad edilməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən “AzeriDefence”yə bildirilib ki, bəzi KİV-lərdə dəqiqləşdirmə aparılmadan, əsassız və şaiyə səviyyəsində məlumat yayılıb. Polkovnik-leytenant S.Hüseynovun xidmətində aparılan araşdırma nəticəsində cinayət əməli olmayan müəyyən çatışmazlıqlar aşkar edilib. O, xidməti zərurətlə əlaqədar bir hərbi hissədən digər hərbi hissəyə daha az həcmli iş olan bərabər vəzifəyə təyin edilib.

“Yazıda digər şübhə doğuran və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan məqam yaxın qohumların eyni qurumda çalışması məsələsidir. Bildiririk ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsində yaxın qohumların təsnifi verilmişdir (maddə 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar). Bu səbəbdən də ucuz sensasiya xatirinə dərc edilən məqalədə “yaxın qohumluq” anlayışı məsələsi təhrif edilməklə, onu sifariş verənlərin şəxsi və qərəzli mövqeyi aydın görünür”,- deyə Nazirlik bəyan edib.