17/06/2017 13:43

Müdafiə Nazirliyi: İtkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək

Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan Silahlı Qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədir.

“AzeriDefence”nin məlumatına görə bu barədə Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmaqda davam edir.

Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən iyunun 15-də Azərbaycan Ordusu itki verib.

Görülən qətiyyətli cavab tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, yaralıları da var.

Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin bu cür əməllərinin qarşısı  qətiyyətlə alınacaq və verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.