27/01/2017 12:40

Müdafiə Nazirliyi: “Movses Akopyan dərk etməlidir ki, Azərbaycanın tətbiq edəcəyi silahlar erməni ordusunun tamamilə məhv edilməsi ilə nəticələnəcək”

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyan dərk etməlidir ki, Azərbaycan Ordusunun tətbiq edəcəyi müasir silahlar aprel döyüşləri zamanı istifadə olunanlarla müqayisədə daha dağıdıcı olmaqla yanaşı erməni ordusunun tamamilə məhv edilməsi ilə nəticələnəcək.

Bu barədə “AzeriDefence”yə M. Akopyanın ötən gün erməni mediasında yer alan açıqlamasına münasibət bildirən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlik qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyanın məsuliyyətsiz və populist çıxışı Azərbaycan tərəfini heç də təəccübləndirmir.

“Qarşı tərəfin cinayətkar hərbi-siyasi rəhbərliyinin nümayəndələri aprel hadisələrinə kimi də bu və buna bənzər müxtəlif bəyanatlarla çıxış ediblər. Hamımızın yaxşı yadındadır ki, məhz aprel əməliyyatlarından sonra M.Akopyanın Dağlıq Qarabağda qalmasının onun fiziki məhvinə gətirəcəyini anlayan Serj Sarkisyan onu təcili surətdə Yerevana qaçırtmaq məcburiyyətində qaldı. Apreldə döyüşlərində aldığı güclü zərbədən sonra iflasa uğrayan Ermənistan ordusu və onun rəhbərliyi deyəsən bu cür təxribat xarakterli çıxışlarla ölkəsində mövcud olan daxili siyasi, sosial və ictimai gərginliyi sakitləşdirməyə cəhd göstərir”, – deyə Nazirliyin mətbuat xidməti bəyan edib.