17/06/2017 12:01

Müdafiə Nazirliyi: Ötən gün cəbhədə Ermənistan Ordusunun 5 hərbçisi məhv edilib

İyunun 16 cəbhədə Ermənistan Silahlı Qüvvələrinin 5 hərbi qulluqçusu öldürülüb.

Bununla bağlı “AzeriDefence”nin sualını cavablandıran Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, erməni tərəfi rəsmi açıqladığı kimi 3 hərbi qulluqçusunu deyil, ağır yaralanmış daha 2 əsgəri – Myasnik Ovanisyan və Vardan Harutyunyanı da ölü olaraq itirib. Beləliklə də dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib.

Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib.

“Həmişə olduğu kimi Ermənistan tərəfi ictimaiyyətinin haqlı etirazından çəkinərək yenə də öz itkilərini gizlətməkdə davam edir”, – deyə Müdafiə Nazirliyi vurğulayıb.