19/05/2017 19:32

Müdafiə Nazirliyi: Videodakı əl qumbaralarının partlayışıdır

Ermənistanın Azərbaycan Silahlı Qüvvələrinin guya öz bölmələrinin mövqelərini vurmasını adı ilə yaydığı videodakı partlayış minaatan deyil təlimdə istifadə olunan əl qumbaralarının partlayışıdır.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirlik bəyan edib ki, hazırda Azərbaycan Ordusunun cəbhənin müxtəlif istiqamətlərində, o cümlədən Tərtər-Ağdərə istiqamətində yerləşən ön xəttdəki bölmələri hazırlıq planına əsasən döyüş vəziyyətinə uyğun şəraitdə atış məşqləri keçirir.

“Videodakı partlayışlar isə ermənilərin iddia etdikləri kimi 60 millimetrlik minaatan mərmiləri yox, təlimdə istifadə edilən əl qumbaralarının partlayışıdır. Hətta mütəxəssis olmayan, silahdan azacıq anlayışı olan şəxs belə bu partlayışların minaatanların mərmilərinə aid olmadığını asanlıqla təyin edə bilər”, – deyə nazirlik bəyan edib.