27/09/2017 16:44

Müdafiə Nazirliyinin rəsmisi: Ukraynada hərbi sursat anbarlarının partlaması terror aktıdır

Ukrayna Müdafiə Nazirliyinin Vinnitsa şəhərində yerləşən hərbi sursat anbarlarında baş vermiş yanğından əvvəl təxribat fəaliyyəti göstərməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

“AzeriDefence”nin “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Silahlı Qüvvələrinin inkişaf və material təminatı baş idarəsinin mətbuat katibi Sergey Misyura bəyan edib.

S.Misyuranın sözlərinə görə, hərbi anbarlarda baş vermiş yanğından bir gün əvvəl Vinnitsa şəhərində antiterror təlimləri çərçivəsində diversiya qruplarının axtarış əməliyyatı keçirilib.

“Diversantların əksəriyyəti müəyyən edilib və saxlanılıb. Amma bu tam deyil. Onların bir qrupu pilotsuz uçuş aparatına (PUA) partlayıcı qurğu yerləşdirə bilib. Postlar səmadan səs gəldiyi barədə məlumat verdilər, sonra mərmilərin partlaması başladı. Artıq sübut olunub ki, ərazidə PUA hərəkəti olub və hərbi sursat anbarlarında baş vermiş yanğın terror aktıdır”, – deyə S.Misyuran vurğulayıb.

S.Misyuran bildirib ki, Ukrayna ordusuna vacib olan mərmilərin əksəriyyəti yeraltı bunkerlərdə olduğu üçün zərər çəkməyib. Onun sözlərinə görə, üst qatda tank və 120 mm-lik minaatan mərmiləri saxlanılırdı.

Məlumatda yanğın nəticəsində arsenalın üçdə birinin məhv edildiyi bildirilir.

Qeyd edək ki, ötən axşam Ukrayna Müdafiə Nazirliyinin Vinnitsa şəhəri yaxınlığında yerləşən hərbi sursat anbarlarında partlayışlar baş verib. Ətraf ərzilərdən demək olar ki, 30 mindən çox insan təxliyyə edilib, iki nəfər xəsarət alıb. Partlayan anbarda “Smerç”, “Uraqan”, “Qrad” yaylım atəş sistemlərinin raketlərinin saxlanıldığı bildirilir.