23/06/2018 19:46

Müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib.

“AzeriDefence”nin məlumatına görə, nazir Yavər Camalov bu gün 69 yaşında qəflətən dünyasını dəyişib.

Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

1972 – ci ildə “Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru, 1972 – 1989- cu illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989 – 1995 – ci illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsinin rəisi, 1995 – 2003 – cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003 – 2006 – cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışmışdır.

Azərbaycan Prezidentinin 18 mart 2006 – cı il tarixli Sərəncamı ilə Azərbaycanın müdafiə sənayesi naziri təyin edilib.

Allah rəhmət eləsin!