26/10/2016 15:10

Müdafiə Sənayesi Nazirliyində kollegiya keçirilib 

MSN-nın müəssisələrində istehsal olunan məhsulların 81 faizi müdafiə təyinatlı olub  

Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələrində 2016-cı ilin doqquz ayının yekunlarına həsr edilən səyyar kollegiya keçirilib.

MSN mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda qurumun birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib.

Y. Camalov bildirib ki, dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi, regionda silahlı münaqişələrin və qanlı terror aktlarının baş verdiyi bir dövrdə Azərbaycanda sabitlik qorunub saxlanılır, iqtisadi islahatlar getdikcə dərinləşir, dövlətin gücü və beynəlxalq nüfuzu durmadan artır. Ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli daxili və xarici siyasəti nəticəsində ölkədə siyasi, iqtisadi və hərbi sahədə böyük uğurlar əldə edilir.

Kollegiyada qeyd olunub ki, ötən müddət ərzində aparılan məqsədyönlü işlər nəticəsində MSN-nın müəssisələrində müvafiq proqramlar əsasında müdafiə təyinatlı məmulatların istehsalı üçün yeni sahələrin yaradılması işləri davam etdirilib.

Hesabat dövründə cari il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanan müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib. Eyni zamanda, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilib.

2016-cı ilin doqquz ayında nazirliyin müəssisələrində istehsal olunan məhsulların ümumi həcminin 81 faizini müdafiə və xüsusi təyinatlı, 19 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. İstehsal olunaraq sifarişçilərə təhvil verilən müdafiə təyinatlı məmulatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz, çeşidlərinin sayı isə 2 dəfədən çox artıb. Eləcə də, ötən ilin müvafiq dövrü ilə müqayisədə mülki məhsul istehsalında 8,2 faiz artım əldə olunub.

2016-cı ilin Yaradılma Proqramına uyğun olaraq MSN-nın müəssisələrində 115 mövzu üzrə 198 mərhələni əhatə edən təcrübi konstruktor işləri aparılır. Nazirliyin Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 14 mövzu üzrə elmi-tədqiqat və təcrübi konstruktor işləri davam etdirilib. Nazirlikdə fəaliyyət göstərən Elmi-Texniki Şuranın müvafiq bölmələrinin üç iclası keçirilib, iş planına daxil edilən müxtəlif səpgidə mövzular üzrə müzakirələr aparılıb, konkret təklif və rəylər qəbul edilib.

Hesabat dövründə nazirliyin qarşısında qoyulan tapşırıqların vaxtında təmin edilməsi üçün dünyanın inkişaf etmiş dövlətlərinin hərbi sənaye kompleksinə daxil olan şirkət və qurumlarla hərbi-texniki sahədə əməkdaşlıq davam etdirilib.

Kollegiyada qeyd olunub ki, 2009-cu ildən beynəlxalq sərgilərə qatılan MSN ADEX-2016 ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinin keçirilməsini yüksək səviyyədə təşkil edib.

Cari ilin 27-30 sentyabrında MSN-nın təşəbbüsü və təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən ADEX-2016 ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində dünyanın 44 ölkəsindən 250-yə yaxın şirkət və rəsmi heyət iştirak edib.

İki il öncə ADEX-2014 birinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində 168 adda məmulat nümayiş etdirən Müdafiə Sənayesi Nazirliyi ADEX-2016 sərgisində 260 adda məmulat nümayiş etdirib.

Sərgidə ilk dəfə nümayiş etdirilən məmulatlardan mina əleyhinə “İldırım” və “Qasırğa” zirehli maşınları, “AZAD Sistemlər” müəssisəsi tərəfindən hazırlanan pilotsuz uçuş aparatların ən yeni tipli təkmilləşdirilən variantları, yeni növ atıcı silahlar, tank əleyhinə idarə olunan raketlə təchiz edilmiş “Gürzə” nəzarət patrul maşını, döyüş sursatları və onların partladıcı başlıqları sərgini ziyarət edənlər tərəfindən böyük maraqla qarşılanıb.

Sərgi zamanı MSN  ilə Müdafiə Nazirliyi arasında yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatlarının istehsal edilib Silahlı Qüvvələrin istifadəsinə verilməsinə dair memorandum imzalanıb.

İclasda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənilib.

Kollegiyada nazir Yavər Camalov hesabat dövründə tabeli birlik və müəssisələr tərəfindən görülən işləri müsbət qiymətləndirdiyini bildirib.

Nazir verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə də göstərişlər verib.