22/11/2017 21:31

Müharibənin regionda qalan fotoarxivi – 20 minə yaxın foto ilə maraqlanan yoxdur

Nurəhməd Vəliyev Füzuli rayonunda yaşayır və Füzuli rayonu uğrunda gedən döyüşlərin, o cümlədən Azərbaycan Ordusunun 1994-cü ilin yanvar ayında gerçəkləşdirdiyi uğurlu Horadiz əməliyyatının iştirakçısıdır. Profesional fotoqraf olan N. Vəliyev I Qarabağ müharibəsində fotokamerası ilə iştirak edib. Bakıdan döyüş bölgələrinə ezam olunan fotoqraf və jurnalistlərdən fərqli olaraq o, döyüşlərin içərisində olub. Atəşkəs dövrünə qədər müxtəlif yaşayış məntəqələri uğrunda gedən döyüşləri, atəşkəsdən sonra, ordudan tərxis olunana qədər ordu quruculuğu, möhkəmləndirmə tədbirlərini fotolentə köçürüb.

N.Vəliyevi Horadiz əməliyyatını reallaşdıran hərbi hissənin bütün şəxsi heyəti yaxşı tanısa da, atəşkəsdən ötən 23 il ərzində nə arxivlər, nə ictimai təşkilatlar, nə də hər hansı bir dövlət qurumu onun çəkdiyi, arxivləşdirdiyi fotolarla kimsə maraqlanmayıb. Başqa sözlə desək, fotoqrafın həyatı bahasına hər anını lentə köçürdüyü müharibə fotolar belə davam edərsə olmayıbmış kimi itib batacaqdır.

“AzeriDefence”nin əməkdaşı ilə söhbbətində N. Vəliyev deyib ki, Füzuli rayonu uğrunda döyüşləri lentə almağa 1992-ci ildən öz təşəbbüsü ilə başlayıb. 1993-cü ildə hərbi xidmə çağrılan N. Vəliyev 839 nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etməklə bərabər iştirak etdiyi əməliyyatları lentin yaddaşına köçürüb: “İndi 1993-cü il tarixi məndə qalmayıb. Rayon ermənilər tərəfindən işğal ediləndən sonra döyüşlərdə iştirak etdiyim üçün evimdən, kəndimdən, yaşadığım yerlərdən kənarlaşdım. Ev dağıldı, arxivim itib batdı. O şəkilləri də beləcə, itirdim. Amma baxıram rayonda bəzi yerlərdə bu fotolardan qalıb. 1993-cü ilin sonlarında xidmət etdiyim hərbi hissə, polkovnik Şair Ramaldanovun rəhbərliyi altında yenidən Füzuli bölgəsinə gəldi və 1994-cü ilin yanvar ayında Füzuli rayonunun 12 yaşayış məntəqəsinin azad edilməsi ilə nəticələnən uğurlu Horadiz əməliyyatını həyata keçirdi. Həmin dövrdən bu yana, atəşkəsə qədər döyüşləri, atəşkəsdən sonrakı dövrü və Füzuli rayonunda gedən prosesləri lentə almışam. Bir sözlə 1994-cü ildən demək olar ki, hər bir hadisəni çəkmişəm. Bu tarix məndə hazırda lent şəkilində saxlanılır. Bu gün bizdə hansısa hərbi hissənin döyüş yolunu əvvəldən axıra çəkilməsi faktı mövcud deyil. Lakin mən bunu xidmət etdiyim Füzuli briqadasında həyata keçirməyə çalışmışam”. 

Fotoqraf Nurəhməd Vəliyevin sözlərinə görə, hazırda onun arxivində 20 minə yaxın foto var. Bunların da böyük əksəriyyəti lent şəklində saxlanılır: “Lentdəki fotolar müxtəli mövzuları əhatə edir. Orda döyüş səhnəsi, ön cəbhədə gedən proseslər, əsgərlərin təltif edilməsi, hətta komandanlıq tərəfindən təşkil olunan əsgərlərin ad günləri belə əksini tapıb. Bir sözlə, hərbi hissənin döyüşlərindən, azad etdiyi mövqelərdə möhkəmlənməsinə, şəxsi heyətlə görülən işlərədək bütün prosesləri çəkmişəm”.

Horadiz əməliyyatının 1994-cü il yanvar ayının 4-dən 5-nəkeçən gecə başlayan və sürətli bir şəkildə yerinə yetirildiyini deyən N. Vəliyev bildirib ki, 8 saat davam edən intensiv döyüşlərdə Azərbaycan Ordusu cəmi 16 şəhd, 44 yaralı verib. Düşmənin itkisi isə  yüzlərlə olub. Ermənilərin onlarla döyüş texnikası, çox sayda silah və cəbbəxanası qənimət olaraq ələ keçirilib: “Döyüşlərin ilk günlərində məni döyüşdən çıxarıb, siyasi şöbəyə təyin etmişdilər. Beyləqanda “Peyğəmbər” deyilən yerdə döyüş meydanından çıxarılan şəhidlərimizin meyitlərinin fotolarını lentə alır, onların kimliklərinin təyin edilməsi, yaxınlarına verilməsi ilə məşğul idim. Onu da deyim ki, çəkdiyim şəhid fotoları əsasında 137 naməlum şəhidin kimliyi müəəyən olunub, yaxınlarına verildi. Bu çox ağır, özü də psixoloji baxımdan gərgin iş idi. Hadisələri yaşamaq, görüntülər lentə almaq, oğlunu axtaran valideynlərlə söhbət etmək, onlara şəhid olmuş övladının cəsədini tapıb vermək olduqca ağır işdir. Bir müddət sonra mən ön xəttə döyüşlərə yollandım və Qorqan, Aşağı Əbdürrəhmanlı və digər yaşayış məntəqələrində gedən döyüşləri çəkdim. Jurnalist Ədil Arifoğlu Qorqan kəndində gedən dööyüşlərdə bizim yanımızda yaralandı”.

N.Vəliyev indiyədək ondakı arxivlə kimsənin maraqlanmadığını qeyd edib: “Özüm bir neçə dəfə çalışımışam ki, nə isə edim. Çünki əlimdə olanlar bir tarixdir və mən də bu tarixi lentə alıb, arxiv olaraq saxlamışam. Nəsə etməyə çalışsam da, bunun üçün mənə yüksək məbləğdə qiymət oxuyublar”.

Fotoqraf Füzuli rayonunda 2010-cu ildən bu yana keçirilən tədbirlərə də dəvət olunmadığını deyir: “Horadiz əməliyyatının iştirakçısı kimi bu münasibətlə hər il rayonda keçirilən tədbirlərdə iştirak etmək arzusundayam. Çox təəsüflər olsun ki, dəvət olunmuram. Səbəbinin də nə olduğunu bilmirəm. Eşidəndə ki, o tədbirlərə kimlər gəlib, kimlər gedib çox təəssüf edirəm. İstərdim ki, arxivmlə bu tədbirlərin təşkilatçılığında iştirak edim”.

Müsahibimiz əlavə edir ki, onun üçün sevindirici hal hərbçi dostlar tərəfindən unudulmamağıdır: “Mənim üçün sevindirici hal odur ki, komandanlıq və hərbçi yoldaşlarım tərəfimdən Bakıya tədbirlərə dəvət olunuram. Çox sağolsunlar mənim əməyimi itirmirlər. Hətta onlar mənə övladlarıma, nəvələrimizə göstəriləcək bir tarixi lentə kşçürdüyümü deyirlər. Sevinirəm ki, dostlarım əməyimi itirmirlər daima qiymət verirlər. Bundan başqa kimlərdənsə nəsə ummuram. Özümü də qəhrəman hesab etmirəm. Çünki hər kəsin üzərinə vətən, torpaqla bağlı düşən işi yerinə yetirməlidir. Hətta elə vaxtlar olub ki, göstəriş olmadan bax bu əlimizdəki (əli ilə lentləri göstərir) tarixi yaradıb arxivləşdirmişəm. Dünyasını dəyişən şəhidlərimiz üçün bu iş heç milyonda bir deyil. Çünki canını qanını bu torpaq uğrunda verənlərin qarşısında bizim gördüyüm işlər heçdir. Ona görə də, gördüyüm işi qəhrəmanlıq hesab etmirəm. Amma çox təəssüf edirəm ki, bu gördüyüm iş ən azından bir tarix olsa da, bu tarixi dəyərləndirən yoxdur”.

Hərbi fotoqraf sənət adamlarının – rəssamların, fotoqrafların, şair və yazıçıların “qəhrəman əsgər” obrazını yaratmasına ehtiyac olduğunu düşünür: “Əsgər bilməldir ki, onu  arxasında xalqı var, onu düşünən, gözləyən bir milləti var. O da, bütün bunları görüb, ürəklə vətənin keşiyində xidmət etməlidir”.

Qeyd edək ki, AZERİ DEFENCE jurnalının təşkilatçılığı ilə 2018-ci ilin yanvar ayında – Horadiz əməliyyatının ildönümü ərəfəsində Bakı şəhərində Nurəhməd Vəliyevin döyüşlər zamanı lentə aldığı fotolardan ibarət sərginin keçirilməsi planlaşdırılır.