22/06/2018 15:16

Mühəndis İstehkam Qoşunları təlimdə – FOTOREPORTAJ

Minaaxtaranlar iş başında

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana uyğun olaraq, Mühəndis İstehkam Qoşunlarının hissə və bölmələri taktiki-xüsusi təlim keçirib.

“AzeriDefence”nin məlumatına görə, təlimləri Müdafiə Nazirliyinin yüksək rütbəli zabit heyəti və media nümayəndələri izləyiblər.

Təlimin keçirilməsində əsas məqsəd hərbi əməliyyatların mühəndis təminatının yerinə yetirilməsi üzrə komandirlərin bölmələri idarəetmə bacarığını praktiki fəaliyyətdə yoxlamaq, qərargahların döyüşə hazırolma dərəcələrinə gətirilmə vərdişlərini təkmilləşdirmək, yaranmış şəraitə uyğun qərar qəbul etmək və vəziyyəti qiymətləndirməkdən ibarət olub.

Mühəndis İstehkam Qoşunlarının hərbi hissəsinin təlim poliqonuna gələn jurnalistlərə əvvəlcə, PP-91 ponton körpü keçidinin praktiki olaraq su hövzəsində qurulması nümayiş etdirilib. Daha sonra jurnalistlər istehkamçıların texnikaları ilə yaxından tanış olublar.

Təlim zamanı jurnalistlərin suallarını cavablandıran Mühəndis İstehkam Xidmətinin rəisi, polkovnik Anar Kərimov bildirib ki, müdafiə nazirinin təsdiq etdiyi döyüş planına əsasən, mühəndis istehkam hərbi hissəsinin taktik-xüsusi təlimlərinin 3-cü mərhələsi keçirilir:  “Hazırda hərbi hissə həyəcan siqnalı ilə qaldırılaraq cəmləşmə rayonuna çıxarılıb. Qərargahda planlama işləri keçirilib. Bölmələr mühəndis təminatı tapşırıqları yerinə yetirməsinə praktiki olaraq hazırdılar. Olduğumuz ərazi mühəndis poliqonudur. Mühəndis poliqonunda təlim nöqtələri, texnikaların cəmləşdirilməsi və praktiki olaraq hücum əməliyyatında mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi icra olunacaq”.

Polkovnik Anar Kərimov qeyd edib ki, bundan əlavə, burada təlim nöqtələri mühəndis təminatı tapşırıqlarını yerinə yetirməsinə qədər, istər maneəqurma, istər maneələğvetmə, mina sahələrindən keçidlərin açılması, mühəndis texnikalarının təqbiqi ilə tank körpü quranları, mühəndis ləğvetmə maşınları və bölmələrin cəlb edilməsi ilə şərti olaraq yaradılan düşmənin mühəndis sisteminin bənzərinin dəf edilməsi icra olunacaq: “Əlavə olaraq təlimlərə, hərbi təhsil müəssisələrinin mühəndis istehkam kafedralarının professor və müəllim heyətini də cəlb olunublar. Bu keçirilən taktiki-xüsusi təlim də eyni zamanda gələcəkdə bizim gənc zabitlərimiz, kursantlarımız üçün tədris metodiki vəsait olaraq istifadə edəcəkdir. Bundan başqa, ponton körpü keçidinin praktiki olaraq su hövzəsində qurulması və üzərindən texnikanın keçirilməsi də göstəriləcəkdir”.

Xidmət rəisi bildirib ki, poliqonda cəbhə xəttində düşmənin yaratdığı mövqelər, maneələr imitasiya edilib.

“Ön xəttdə aparılmış mühəndis kəşfiyyat nümunələrinə əsasən burada düşmənin mühəndis maneələr sistemi qurulub. Tank əleyhinə xəndəklər, partlayan, partlayaman manelər burada qurulub. Onların praktiki olaraq, istər əl üsulu ilə bölmələr tərəfindən, istərsə də  mühəndis texnikalarının tətbiqi ilə birlikdə keçirilməsi icra olunacaq”, – deyə polkovnik Kərimov vurğulayıb.

Daha sonra media nümayəndələri təlim nöqtəsində bölmələrin cəmləşmə rayonunun elementlərinin  hazırlanmasının və məşğələlərin keçirilməsi prosesini izləyiblər.

Bundan sonra isə jurnalistlər təlim prosesini canlı şəkildə izləyiblər. Təlimlər zamanı mühəndis istehkam bölmələri maneələğvetmə və mühəndis yol bölmələri tərəfindən mina sahələrində əl və “Pomins-2” sistemindən istifadə etməklə partlayış üsulu ilə keçidlərin açılması, məftil maneələrin dəf edilməsi, maneələğvetmə qruplarının hərəkəti və tank əleyhinə xəndəklərdən keçilməsi və digər tapşırıqları praktiki olaraq yerinə yetiriblər.

Heyət hücum edən bölmələr üçün keçid açdıqdan sonra Mühəndis İstehkam Qoşunlarının İMR-3M mühəndis-istehkam maşınları ərazidə düşmən tərəfindən qurulan maneələri dağıdaraq təmizləyib. Daha sonra əraziyə çıxan MTU-90 mexaniki körpüsalanlar açılaraq hərbi texnikanın düşmənin qazdığı xəndəklərin üzərindən keçidini təmin ediblər

“AzeriDefence”yə danışan polkovnik Anar Kərimov qeyd edib ki, son illərdə qoşunların texniki bazası müasirləşdirilib. Yeni texnikalar və avadanlıqlar alınaraq istifadəyə qəbul edilib. Şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində davamlı tədbirlər görülür: “Mühəndis İstehkam Qoşunlarımız qarşıya qoyulan bütün tapşırıqları qısa zaman kəsiyində və peşəkarlıqla yerinə yetirmək imkanına malikdir”.

Orxan Aslanlı