09/11/2017 16:40

NATO: Əfqanıstanda “Qətiyyətli Dəstək” missiyasında iştirak edən hərbçilərin sayı artırılacaq

Əfqanıstanda “Qətiyyətli Dəstək” missiyasında iştirak edən NATO və tərəfdaş ölkələrin hərbi qüvvələrinin sayı artırılacaq.

Bu barədə “AzeriDefence” NATO-nun saytına istinadən məlumat verib.

NATO-ya üzv və tərəfdaş ölkələrin müdafiə nazirlərinin bu gün başa çatan iclasında bununla bağlı razılığa gəlinib.

Xəbərdə qeyd olunur ki, ABŞ Əfqanıstandakı əsgərlərinin sayını artırıb. Digər 27 dövlət də qarşıdakı aylarda əsgərlərinin sayını artıracağını açıqlayıb.

Bununla da “Qətiyyətli Dəstək” missiyasına cəlb olunan NATO əsgərlərinin sayı 3 min nəfər artırılaraq 16 min nəfərə çatdırılmış olacaq.

NATO-nun müdafiə nazirləri və tərəfdaş ölkələr 2020-ci ilə qədər Əfqanıstan təhlükəsizlik qüvvələrinə dəstək verəcəklərini təsdiqləyiblər.