18/04/2019 13:41

NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru Hərbi Akademiyada olub

Azərbaycanda səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yan Broeks öncə şəhidlər xiyabanını ziyarət edərək Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşların xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasında olan fəxri qonaq bir sıra görüşlər keçirib. General-leytenant Y.Broeks şəxsi heyət qarşısında NATO-nun layihə və proqramları, NATO-Azərbaycan əməkdaşlığının istiqamətləri mövzusunda çıxış edib və görüş iştirakçılarının suallarını cavablandırıb.

Azərbaycan-NATO əlaqələrini yüksək qiymətləndirən NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru, Azərbaycan sülhməramlılarının Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni, Alyansın tədbirlərində Azərbaycan hərbçilərinin fəal iştirakını və hərbi qulluqçuların hazırlığını xüsusi vurğulayıb.