26/06/2015 17:38

NATO Qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd olunub

Silahlı Qüvvələrin yaranmasının 97-ci ildönümü münasibəti ilə Azərbaycanın NATO yanında Nümayəndəliyi və onun tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi tərəfindən Brüssel şəhərində yerləşən NATO Mənzil Qərargahında rəsmi ziyafət keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə dövlətlərin NATO yanındakı Səfirləri, diplomatik korpusun digər üzvləri, NATO-nun Hərbi Komitəsinə akkreditə olunmuş ölkələrin Hərbi Nümayəndələri, NATO-nun Beynəlxalq Katibliyi, Beynəlxalq Hərbi Qərargahının nümayəndələri, NATO-nun idarə və agentliklərinin üzvləri, NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığı (SHAPE) Qərargahının hərbi rəsmiləri iştirak ediblər.

Tədbir zamanı qonaqlara Azərbaycan Silahlı Qüvvələrinin yaranması, inkişafı tarixi və beynəlxalq sülhməramlı əməliyyatlara töhfəsi barədə məlumat verildi. Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında inamlı tərəfdaş olması xüsusi qeyd edilib.

Qəbul zamanı Azərbaycan və onun Silahlı Qüvvələri barədə, həmçinin hazırda Bakıda keçirilən I Avropa Oyunlarına dair video materiallar nümayiş etdirilib, I Avropa Oyunları ilə bağlı simvolik hədiyyələr təqdim olunub.