21/02/2019 18:19

“Naval Group” Avstraliyaya 12 sualtı gəmi inşa edəcək

Fransa və Avstraliya arasında sualtı gəmilərin inşasına dair saziş imzalanıb.

“AzeriDefence”nin “Naval Group” şirkətinə istinadən verdiyi məlumata görə, “Naval Group”un Avstraliya ilə bu ölkə üçün nəzərdə tutulan sualtı gəmilərə dair imzaladığı strateji tərəfdaşlıq sazişi əhəmiyyətli mərhələnin əsasını qoyub. Bu saziş iki tərəfdaş arasında gələcək 50 il ərzində həyata keçiriləcək əməkdaşlığın çərçivəsini, habelə layihənin gələcək müqavilələrinin tərkibini müəyyən edir.

Müqavilə Avstraliyanın baş naziri Skott Morrison, ölkənin müdafiə naziri Kristofer Peyn və Fransanın müdafiə naziri Florans Parlinin iştirakı ilə imzalanıb. Müqavilə gələcək sualtı gəmilərin proqramı çərçivəsində, tərəfdaşlar arasındakı əməkdaşlığın prinsiplərini müəyyən edir. Müqaviləyə əsasən Avstraliyaya regional üstünlük təminatı verəcək son nəsil 12 sualtı gəmi təhvil veriləcək.

Naval Qrupun sədri və Baş direktoru Erve Giyu bildirib ki, sualtı gəmilər proqramı Avstraliyanın tarixində ən önəmli müdafiə proqramlarından biridir: “Biz Avstraliyalı tərəfdaşlarımızla birgə bu proqramda çalışmaqdan və Avstraliyanın suveren sualtı gəmi ölkəsinə çevrilməsi üçün “Naval Group”un təcrübəsinin bu ölkəyə ötürülməsindən qürur duyuruq”.

Məlumatda o da qeyd olunub ki, 2016-cı ilin aprel ayında Avstraliyanın “Attack” sinifli sualtı gəmiləri proqramı üçün “Naval Group” tərəfdaş qismində seçilməsindən sonra bir neçə mərhələ yerinə yetirilib.