24/06/2018 00:10

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusundan yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “AZƏRTAC” agentliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Tədbirdə Ali Məclisin Sədri Vasif Talıbov iştirak edib. şəxsi heyət qarşısında çıxış edən Ali Məclisin Sədri Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibəti ilə əsgər və zabitləri, onların timsalında muxtar respublikadakı ordu, birləşmə və hissələrin bütün şəxsi heyətini təbrik edib. Vasif Talıbov bildirib ki, bu gün ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu sahəsində mühüm işlər görülür, müasir silah-sursatlar alınır, ordumuzun döyüş qabiliyyəti artırılır. Görülən işlərin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusu hesab olunur.

Ali Məclisin Sədri yaradılan şəraitdən lazımi səviyyədə istifadə olunacağına, şəxsi heyətin bundan sonra da hər an torpaqlarımızı azad etməyə hazır olacağına əminliyini bildirib, onlara xidmətdə uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri hərbi hissədə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, hərbi hissənin ərazisində qərargah binası, 126 yerlik əsgər və 52 yerlik zabit yataqxanaları, yeməkxana, kafe, qazanxana və avtomobillər üçün saxlanc yeri inşa edilib. Qərargah binasında iş və sinif otaqları var. Sinif otaqlarında yaradılan şərait şəxsi heyətin hərbi-nəzəri biliklərinin və ideoloji hazırlıqlarının artırılmasına öz töhfəsini verəcək. Hərbi hissədə əsgərlərin fiziki və hərbi hazırlığı diqqətdə saxlanılıb, sıra meydanı, ümumqoşun maneələr zolağı və idman şəhərciyi salınıb, voleybol, basketbol və futbol meydançaları istifadəyə verilib.

V.Talıbov Sədri Əlahiddə Ümumqoşun Ordunun daşınan kompleks rabitə stansiyasına və hava hücumundan müdafiə bölmələrinin idarəetmə məntəqəsinə baxıb.

Hava hücumundan müdafiə bölmələrinin idarəetmə məntəqəsi daimi dislokasiya və səhra şəraitində döyüş növbətçiliyi aparan hava hücumundan müdafiə heyətlərinin idarə olunması üçün nəzərdə tutulub. İdarəetmə məntəqəsi planşet, radiostansiyalar və digər zəruri avadanlıqlarla təchiz edilib. Bu da muxtar respublikanın istənilən ərazisində hava hücumundan müdafiə heyətlərinin idarə olunmasına və hava məkanına nəzarətin həyata keçirilməsinə imkan verir. Hazırda 6 idarəetmə məntəqəsi istismara verilib.

Gətirilmiş müxtəlif ərzaq məhsulları hərbi hissənin anbarına təhvil verilib.

İyunun 23-də Ali Məclisin sədri Vasif Talıbovun iştirakı ilə Naxçıvan şəhərində açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyi istifadəyə verilib. Sahəsi 13 min kvadratmetr təşkil edən muzeydə müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş 26 adda silah, texnika və qurğular – haubitsa, top və minaatanlar, hava hücumundan müdafiə üzrə döyüş maşınları, zenit raket və qurğuları, “Mi-8T” döyüş-nəqliyyat helikopteri, yerqazan və maneələğvetmə maşınları, tanklar, piyadaların döyüş maşınları, zirehli transportyor və döyüş-kəşfiyyat maşınları, dartıcılar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər nümayiş olunur. Hər bir döyüş texnikası audi-məlumatlandırma sistemi ilə təmin edilib.

Şəhər sakinlərinin və qonaqların muzeylə tanışlıqları üçün lazımi şərait yaradılıb.