15/05/2015 21:36

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna yeni avtomobillər verilib

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna yeni xidməti avtomobillər və yük maşınları təqdim olunub. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov yeni xidməti avtomobillərə və yük maşınlarına, eləcə də Əlahiddə Ümumqoşun Ordusunun digər döyüş texnikalarına baxıblar.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissə və bölmələrinə 10 ədəd yeni “Naz lifan” markalı xidməti avtomobil və 20 ədəd “Kamaz” markalı yük maşınları verilib, maddi-texniki baza daha da möhkəmləndirilib.

Bildirilib ki, hazırda hərbi hissələrin bazasında ən müasir döyüş texnikaları və müxtəliftəyinatlı avtomobillər var. Atəş idarəetmə maşınları, yüksək hündürlükdə meteoroloji şəraiti ölçmə sistemi, təxliyə avtomobilləri, ultrasəs və ekokardioqrafiya aparatı ilə təmin olunmuş tibb qoşquları, zabit və rəis heyətinin səhra şəraitində iş və istirahətinin təşkili üçün nəzərdə tutulan qoşqu və avtomobillər döyüş zamanı şəxsi heyətin fəaliyyətinin düzgün təşkilinə imkan verir.

Nümayiş etdirilən müasir yaylım atəşli reaktiv sistemlər, tanklar, zirehli döyüş maşınları, artilleriya qurğuları, müxtəlif çaplı silahlar istənilən döyüş tapşırığını uğurla yerinə yetirməyə imkan verir. Səhra şəraitində istifadə olunan müasir texniki vasitələr də ən yüksək tələblər səviyyəsindədir. Səyyar texniki-təmir emalatxanaları çətin təbii xidmət şəraitində geniş imkanlara malikdir.