24/08/2012 10:27

Naxçıvan Muxtar Respublikasının sərhəd infrastruktru yenilənir – FOTOLENT

Naxçıvan Sərhəd Diviziyasının “Sədərək” zastava kompleksinin açılışı olub. “AzeriDefence”nin məlumatına görə, tədbirə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və DSX rəisi, general-leytenant Elçin Quliyev qatılıb.
Naxçıvan Sərhəd Diviziyasının komandiri, general-mayor Asəf Quliyev açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova raport verib.

Tədbirdə çıxış edən V. Talıbov Azərbaycanın ilk milli Sərhəd Dəstəsinin yaradılmasından ötən qısa müddət ərzində Sərhəd Qoşunları böyük inkişaf və təşkilatlanma yolu keçib.

Bu gün hər birimiz fəxr edirik ki, müstəqil Azərbaycanın sərhədlərini onun milli sərhədçiləri qoruyur. Bu, xalqımızın əldə etdiyi böyük bir nailiyyətdir, – deyə V. Talıbov vurğulayıb.

V. Talıbov həmçinin vurğulayıb ki, Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvan Sərhəd Diviziyası bu gün Naxçıvan Muxtar Respublikasının onlara həvalə edilmiş 215 kilometrlik sərhəd xəttini layiqincə mühafizə edir.

Açılış mərasimində çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev bildirib ki, bu gün Azərbaycanın sərhədləri etibarlı şəkildə qorunur. Ali Baş Komandanın rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, Sərhəd Qoşunlarının da maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, zabit və gizirlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Sərhəd xidmətinin təkmilləşdirilməsi istiqamətində Naxçıvanda da mühüm işlər görüldüyünü deyən general E. Quliyev həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Naxçıvan Sərhəd Diviziyasının maddi-texniki bazası xeyli möhkəmləndirildiyini, sərhəd zastavalarının müasir texnika, avadanlıq və ləvazimatlarla təmin olunduğunu, şəxsi heyətin peşəkarlığı artırıldığını, yeni sərhəd infrastrukturunun yaradıldığını diqqətə çatdırıb.

Daha sonra zastava ərazisində tikilmiş yaşayış binasındakı yeni mənzillərin orderləri və xidmətdə fərqlənən zabit-gizirlərə “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci və 2-ci dərəcəli medalları təqdim edilib.

Məlumat verilib ki, zastavada şəxsi heyətin istirahətinin və asudə vaxtının səmərəli təşkili üçün bütün tələblər nəzərə alınıb. Rabitə otağında mərkəzləşdirilmiş rabitə sistemi quraşdırılmışdır. Baxış zamanı rabitə cihazlarının ümumi xassələri barədə məlumat verilib. Bildirilib ki, burada quraşdırılan müasir rabitə sistemi postlarla mütəmadi əlaqə saxlamağa və xidmətin təşkili barədə operativ məlumat almağa imkan verəcək. Həmçinin buradakı yeni video nəzarət sistemi vasitəsilə zastavanın xidməti ərazisi 24 saat müşahidə olunacaq.

Sərhəd Zastavası kompleksində zabit-gizir ailələri üçün 8 mənzilli 2 mərtəbəli yeni yaşayış binası tikilib.