12/10/2012 05:54

Naxçıvan ordu korpusunun yaranmasının 20 illiyi qeyd edilib – FOTOLENT

Naxçıvan Muxtar Respublikasında 705 saylı hərbi hissənin (Naxçıvan ordu korpusunun) yaradılmasının 20-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib. Bu barədə “AzeriDefence” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin saytına istinadən məlumat verib.

Tədbirdə əvvəlcə hərbi hissənin müxtəlif təyinatlı döyüş texnikalarına baxış olub. Məlumat verilib ki, hərbi hissənin inventarındakı səyyar komanda məntəqələri və rabitə maşınları təlim və döyüş zamanı çox funksiyalı iş prinsipinə malikdir. Döyüş zamanı hərbi birləşmələri vahid mərkəzdən idarə etmək baxımından mühüm əhəmiyyət kəsb edən bu texnikalar bir yerdən digər yerə asan daşınır və yerləşdirilə bilir. Qeyd olunub ki, bu gün muxtar respublikadakı hərbi hissələrin xüsusi təyinatlıları və kəşfiyyat bölmələri ən müasir lazer, kollimator, optik gündüz və gecəgörmə cihazları, pilotsuz uçuş aparatları, uzaq və yaxın məsafələrə yüksək dəqiqliklə atəş açmağa imkan verən səssiz silahlarla təchiz edilib. Bu texnikalar vasitəsilə düşmənin canlı qüvvəsini, onların hərəkət istiqamətlərini, hərbi texnikaların və silahların xarakteristikasını müəyyənləşdirmək mümkündür.

Daha sonra artilleriya qurğularının, daşınan zenit-raket kompleksinin, hava hədəflərini aşkarlayan radarların, tank əleyhinə raket komplekslərinin və atıcı silahların texniki xüsusiyyətləri barədə məlumat verilib. Bildirilib ki, hərbi hissənin istifadəsində olan avtomatlaşdırılmış idarəetmə kompleksi döyüş maşınlarının və hərbi texnikanın idarə olunmasında istifadə edilir. İdarəetmə sistemi stasionar yer müəyyənləşdirmə cihazları, kompüter və ultra qısadalğalı radiostansiya ilə təchiz edilib.

Nümayiş etdirilən tank əleyhinə döyüş maşınlarının, artilleriya atəşini idarəetmə maşınlarının, tanklar, səhra şəraitində istifadə olunan müasir texniki vasitələrin ən yüksək tələblər səviyyəsində olduğu vurğulanıb. Hərbi hissənin inventarında olan səhra yeməkxanası, səyyar çörək zavodu, təmir-təxliyyə maşınları, səyyar texniki-təmir emalatxanaları və mexanikləşdirilmiş körpülərin çətin təbii xidmət şəraitində də geniş imkanlara malik olduğu bildirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Milli Ordunun formalaşmasında və möhkəmlənməsində əməyi olan Türkiyə Silahlı Qüvvələrinin Naxçıvandakı nümayəndələrinə təşəkkür edib. V. Talıbov bildirib ki, 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk Milli Ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilib. Naxçıvanda Milli Ordu hissəsinin yaradılması münasibətilə 1992-ci il oktyabrın 9-da ilk hərbi parad keçirilib.

“Ötən 16 ildə muxtar respublikamızda 170 hərbi obyekt tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasındakı birləşmə və hissələrinin döyüş qabiliyyəti və peşəkarlığı artırılıb”, – deyə V. Talıbov vurğulayıb.

Naxçıvan korpusunun komandiri, general-leytenant Kərəm Mustafayev isə bildirib ki, dövlət qayğısı nəticəsində ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib. Naxçıvandakı hərbi hissələrdə məişət-yaşayış kompleksləri, tabor və bölük mərkəzləri tikilir, zabit-gizir ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır.

Tədbirdə xidmətdə fərqlənən bir qrup hərbçi orden və medallarla təltif olunub.

Tədbir çərçivəsində Naxçıvan hərbi şəhərciyində yeni qərargah binasının və uşaq bağçasının açılışı da olub.