19/10/2017 17:05

Naxçıvan Ordusu hərbi paradda uzaq mənzilli yüksək dəqiqlikli raketlərini nümayiş etdirdi – MÜSAHİBƏ

Rəşad SÜLEYMANOV: Əlahiddə Ümumqoşun Ordusu Naxçıvandan Qarabağda gedən döyüşlərə artilleriya dəstəyi verə bilər

Oktyabrın 18-də – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında (MR) ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü qeyd olunub və Əlahiddə Ümumqoşun Ordunun hərbi paradı keçirilib. Naxçıvanda keçirilən hərbi paradla bağlı AZERİ DEFENCE jurnalının baş redaktoru Rəşad Süleymanovla müsahibəni oxucularımıza təqdim edirik.

– Rəşad müəllim, Naxçıvanda keçirilən ilk hərbi paradı necə qiymətləndirirsiniz?

– Oktyabr ayının 18-də Naxçıvanda keçirilən hərbi parad Azərbaycan Silah Qüvvələrinin Bakı şəhərindən kənarda keçirilən ilk möhtəşəm və genişmiqyaslı paradı idi. Müdafiə Nazirliyinin rəsmi məlumatıda qeyd olunur ki, paradda 2000-nə yaxın şəxsi heyət və 160-a yaxın hərbi texnika və silah sistemlərinin 10-dan artıq helikopter və döyüş təyyarəsi iştirak edib. Parad eyni zamanda göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri tək ölkə ərazisində deyil, eyni zamanda Naxçıvan Muxtar Respulikası ərazisində də güc potensialına malikdir.

– Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun imkanları barədə nələri deyə bilərsiniz?

– Beşinci ordu korpusu 2013-cü ilin sonlarında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna çevrildikdən sonra Muxtar Respublika ərazisində ordu quruculuğu sahəsində mühüm irəliləyişlər olub. Naxçıvan ərazisində Silahlı Qüvvələrə Naxçıvan Muxtar Respublika rəhbərliyi tərəfindən həmişə diqqət göstərilib. Orada xidmətdə olmuş zabit və əsgərlərimizdən eşitmişəm ki, Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov mütəmadi şəkildə ön xətdə, arxadakı hərbi hissələrdə olur, hərbi qulluqçularla görüşür, onların məişət, xidmət şəraitinin yaxşılaşdırılması, təminat-təchizatın yüksəldilməsi istiqamətində göstərişlər verir, görülən işləri diqqətdə saxlayır. Prezident İlham Əliyev də Naxçıvana bütün səfərlərində hərbi hissələrə baş çəkir, yaradılan şəraitlə tanış olur. Bir sözlə, blokada şəraitində olan Naxçıvanın müdafiəsi dövlətimizin ali səviyyədə diqqətindədir.

– Oktyabrın 18-də keçirilən hərbi paradda diqqətinizi çəkən əsas nə oldu?

Naxçıvanda keçirilən hərbi paradda diqqəti çəkən bir neçə məqam oldu. Bunlardan birincisi, tək Müdafiə Nazirliyinin hərbi birləşmələrinin deyil, Daxili Qoşunların, Naxçıvan Sərhəd Diviziyasının, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının paradda iştirakı idi. Xarici ölkələrdən yalnız Türkiyənin Azərbaycandakı hərbi attaşesinin paradı izləməsi də mühüm məqamlardan biri idi. Hərbi texnikalara və silah sistemlərinə gəlincə, paradda Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun istifadəsində olan bir çox yeni silahlar da nümayiş olundu. Hansı ki, bu silahlar özlərinin taktik texniki xüsusiyyətlərinə görə, 4 və 5-ci nəsil silahlar sayılır. Onların arasında uzun mənzilli raketlər, idarə olunan raketlər də yer almaqdadır. Yeni silah və texnikalarla bağlı bəzi fikirlərimi bölüşmək istəyirəm.

Hərbi paradda yeniliklərdən biri ordunun istifadəsində yer alan “Orbiter-3” kiçik ölçülü taktik pilotsuz uçuş aparatı idi. Azərbaycan MSN-in İsrailin “Aeronautics” şirkəti ilə birgə istehsal etdiyi bu müasir aparat havada uzun müddət qala bilir. Hətta radarlara yaxalanma ehtimalı azdır.

Tank əleyhinə komplekslər – həm “Spike”lar, həm “Xrizantema-S” ciddi yeniliklərdəndir. “Great Wall” pikap avtomobillərinin üzərində yerləşdirilmiş “Spike”lar dağlıq ərazilərdə yüksək manevr etmə qabiliyyətinə malikdir. İsrail istehsalı olan “Spike”ların atış məsafəsi 8 km-ə qədərdir. Tankı atış məsafəsinə yaxın buraxmadan, yəni tankı elə bir yerdə məhv etməyə imkan verir ki, o məsafədə tank piyadaya yaxınlaşa bilmir.  Rusiya istehsalı olan “Xrizantema- S”-lər də ordu silahlanmasına yeni daxil olub.

Naxçıvanda son illər artilleriyanın gücləndirilməsi müşahidə olunur. Paradda “Smerç” yayılım atəşli reaktiv sistemlər və T-300 “Qasırğa” raket artilleriya sistemləri, o cümlədən İsrail istehsalı olan “Qrad LAR-160” və keçmiş sovetlər dönəmində istifadə olunan “Qrad”, Türkiyə istehsalı olan, atış məsafəsi 40 km təşkil edən T-122 “Sakarya” yaylım atəşli reaktiv sistemlər keçid elədi. Hava hücumundan müdafiə qoşunlarının istifadəsində yer alan modernizə edilmiş “Osa” və S-125 zenit-raket kompleksləri son illərdə qoşunlar tərəfindən yenidən silahlanmaya qəbul edilib. Paradda həmçinin son illərdə alınan BTR-82 zirehli transportyor, TOS-1A ağır reaktiv odatanları, T-90 tankları, BMP-3 piyada döyüş maşınları da yer aldı. Bu onu göstəriri ki, Silahlı Qüvvələrimizin aldığı hər bir yeni texnikanın bəlli bir hissəsi də Naxçıvanın müdafiəsinə göndərilir.

– Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki təminatı barədə fikirləriniz maraqlı olardı.

– Paradda çıxış edən Vasif Talıbov qeyd etdi ki, son 25 il ərzində Muxtar Respublika ərazisində 214 hərbi obyekt istifadəyə verilib. Bu gün də yeni obyektlərin – hərbi hospitalın, yeni hərbi hissələrin, təlim mərkəzlərinin inşası həyata keçirilir. Ən ucqar dağlıq ərazilərdəki postlarda belə kazarma şəraiti yüksək səviyyədədir. Kazarma şəraitinin, qidalanmanın yüksək səviyyədə olması xidmətin təşkilinə müsbət təsir edən amillərdən biridi. Etiraf etməliyik ki, Naxçıvandakı hərbi hissələrdə təminat, təchizat 2013-cü ilə qədər Azərbaycan ərazisindəki hərbi hissələrə baxanda çox yüksək olub. Naxçıvanın iqlim şəraiti və reylefi çox mürəkkəbdir. Orda xidmət etmək olduqca çətindir. Ona görə də çalışırlar ki, Naxçıvanda hər şey yüksək səviyyədə həyata keçirilsin.

T-300 “Qasırğa” raket kompleksi. Atış məsafəsi 130 km

– Əlahiddə Ümumqoşun Ordunun arsenalının səviyyəsini necə qiymətləndirmək olar?

– 2013-ci ildə Əlahiddə Ümumqoşun Ordu yarandıqdan sonra struktur böyüdü və dəyişildi. Aviasiya dəstəsi formalaşdırıldı. 2014-cü ildə Muxtar Respublika ərazisinə Mi-35M zərbə helikopterləri, bu ilin ortalarında orda Su-25 döyüş təyyarələrində ibarət ilk eskadrilya Naxçıvanda yerləşdirildi. Təlimlərdən və hərbi hissələrin açılışlarının foto və video görüntülərindən anlaşılan qədər ordu müasir PUA-larla təchiz olunub. Azərbaycan Silahlı Qüvvələrində “Orbiter-3” kiçik taktik PUA-lar ilk dəfə Əlahiddə Ümumqoşun Ordunun istifadəsinə verilib.

Naxçıvan Ordusu uzaq mənzilli artilleriya komplekslərinə sahibdir. İstifadədə yer alan “Smerç” və “Qasırğa” sistemləri ilə Naxçıvan Ordusu nəinki 60-65 km məsafədə yerləşən İrəvanı vura bilər, hətta Dağlıq Qarabağ ərazisindəki hədəfləri – Laçın dəhlizini, Ermənistan Ordusunun işğalı altındakı Qubadlı, Laçın və Zəngilandakı hərbi düşərgələri dəqiqliklə məhv etmə imkanına malikdir. Qeyd edim ki, Azərbaycan Silahlı Qüvvələri “Qasırğa” kompleksini Türkiyədən sonra idarə olunan mərmilərinin ilk istifadəçisidir. İdarə olunan mərmilərlə bu kompleks 130 km-dən artıq məsafələrdəki hədəflərə dəqiq atəş açır. Hədəfdən yayınma maksimum 15-20 metr arasındadır.

Bütün bunları Ermənistan tərəfi də müşahidə elədi. Onlar gözlərini açıb reallığı görməlidirlər. Və anlamalıdırlar ki, Azərbaycan bu dəqiq silahları bir gün onların oturduqları İrəvanda evlərinin içərisinə sala bilər. Ekstaza qapılıb ağıllarına gələni danışır, əllərində qalan “kerosinka” “Scud” ilə gündə bir yeri “vururlar”. Azərbaycan Silahlı Qüvvələri həm Naxçıvandan, həm dövlət sərhəddindən, həm də işğal olunmuş ərazilər istiqamətindən Ermənistan Republikası ərazisindəki istənilən hədəfə çata bilən raket artilleriya sisteminə malikdir. Naxçıvan Azərbaycanın ikinci cəbhəsidir. düşmən qüvvələrini bir neçə hissələyə parçlaya bilər.

– Azərbaycan hərbi əməliyyatlara başlasa, belə çıxır Naxçıvandan da cəbhə açıla bilər?

– Bu mümkündür. Hələ ki, biz işğal altında olan torpaqlarımızı azad etməyi, dünya birliyi tərəfindən tanınmış sərhədlərimizi bərpa etməyi qarşıya məqsəd qoymuşuq. Naxçıvandan Qarabağdakı erməni silahlılarına zərbə endirmək olar. Hətta İrəvana, Ermənistanın daha uzaq rayonlarına belə. Reallıq budur ki, Azərbaycanın müharibəyə başlasa Ermənistana üç istiqamətdə cəbhə açmaq imkanı vardır. Birinci, təbii ki, bu Qarabağdır. Araz çayından Murovdağa və Murovdağ silsiləsi boyunca dövlət sərhədinə qədər. İkincisi Naxçıvan, üçüncüsü isə Murov dağdan Gürcüstanla dövlət sərhədinədək. Yəni Ermənistan rəhbərliyi bu gün əhalisinin uşaqlı-böyüklü hamısı əlinə silah versə belə, üç cəbhədə mübarizə apara biləcək gücə malik deyil. Biz isə bu gün mövcud ordusu ilə, yəni səfərbərlik elan etmədən belə, bu üç cəbhəni aça biləcək imkanlara sahibik.