27/01/2019 16:18

Naxçıvan Qarnizonu qoşunlarında 2018-ci tədris ilinə yekun vurulub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan Qarnizonu qoşunlarında 2018-ci tədris ilində döyüş və döyüşə hazırlığın, maddi-texniki təminatın və hərbi intizamın vəziyyətinə dair yekun müşavirə keçirilib.

Bu barədə “AzeriDefence” NUHÇIXAN informasiya agentliyinə istinadən məlumat verib.

Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev 2018-ci tədris ilində qoşunlarda döyüş hazırlığının, döyüş və döyüşə hazırolmanın, maddi-texniki təminatın və hərbi intizamın vəziyyətini təhlil edərək məruzə edib. K.Mustafayev bildirib ki, Prezident İlham Əliyevin ötən il mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun 60 çarpayılıq yeni hərbi xəstəxanasının açılışında iştirak etməsi, silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə, “N” hərbi hissəsində və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Milli Qəhrəman Əmiraslan Əliyev adına Qaraçuq Sərhəd Dəstəsində yaradılan şəraitlə tanış olması dövlət qayğısını hər zaman üzərlərində hiss edən hərbi qulluqçularımızda böyük ruh yüksəkliyi yaradıb.

Azərbaycan Xalq Cümhuriyyətinin və Ordusunun 100 illik yubileyini qeyd etdiyimiz 2018-ci ilin ən əlamətdar hadisələrindən biri də Əlahiddə Ümumqoşun Ordunun tariximizə qızıl hərflərlə yazdığı Günnüt zəfəri oldu. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında da qeyd olunduğu kimi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu 1992-ci ildə işğal edilmiş Günnüt kəndi və ətraf əraziləri, ümumilikdə 11 min hektar torpaq sahəsinə nəzarəti qaytarıb, ön xətdə və dayaq məntəqələrində etibarlı müdafiə sistemi yaradılıb.

General-leytenant Kərəm Mustafayev bildirib ki, qazanılan nailiyyətlərin əsasında ilk növbədə vətənpərvərlik hissləri dayanır. Ötən il oktyabrın 30-da keçirilən Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimi bu fikri bir daha təsdiq edib.

Ötən il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün tikilmiş yeni xidməti və yaşayış kompleksinin, yeni avtomobil parkının, Babək rayonunun Gərməçataq və Buzqov kəndlərində əsgəri-məişət komplekslərinin açılışında iştirak edib, yeni istirahət parkı və Açıq Səma Altında “Naxçıvan Döyüş Şöhrəti Muzeyi” ilə tanış olub. Ordu tərəfindən nəzarət altına götürülərək etibarlı müdafiə sistemi qurulan Günnüt kəndindəki hərbi hissədə şəxsi heyətlə görüşmüş, yeni mövqelərdə xidmətin təşkili ilə maraqlanıb, “Günnüt əməliyyatı”nda iştirak edən əsgər və zabitləri mükafatlandırıb.

Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev vurğulayıb ki, ümumilikdə ötən il ərzində keçirilən tədbirlər şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə olduğunu təsdiq edib.

Məruzə ətrafında müzakirələr zamanı Naxçıvan Muxtar Respublikası hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Rəşad İsmayılovun, Hərbi Məhkəmənin sədri Polad Həsənovun, Dövlət Təhlükəsizliyi Xidmətinin İdarə rəisi, polkovnik-leytenant Ramin Əhmədovun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Niyaməddin Tağıyevin, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin müavini, general-mayor Hikmət Kərimovun, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandiri, polkovnik Səlim Niftəliyevin 2018-ci tədris ilində görülmüş işlər və 2019-cu tədris ilində qarşıda duran vəzifələrlə bağlı məruzə və təklifləri dinlənilib. Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini-qərargah rəisi, general-mayor Fazil Ağalarov “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı” haqqında ətraflı məlumat verib.

Müşavirəyə Naxçıvan qarnizonunun rəisi, general-­leytenant Kərəm Mustafayev yekun vuraraq 2019-cu tədris ilində döyüş və ictimai-siyasi hazırlıq üzrə fəaliyyət istiqaməti, qarşıda duran məqsəd və vəzifələrə dair Ali Məclis Sədrinin tapşırıqlarını diqqətə çatdırıb.

Sonda döyüş və ictimai-siyasi hazırlıqda yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçuya “Şücaətə görə” medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medalları, qiymətli hədiyyə və “Fəxri Fərman” təqdim olunub.