26/02/2019 20:27

Naxçıvan qarnizonu qoşunlarında döyüş hazırlığına dair yekun müşavirə keçirilib

Naxçıvan Qarnizonu qoşunlarında 2018-ci tədris ilində döyüş və döyüşə hazırlığın, maddi-texniki təminatın və hərbi intizamın vəziyyətinə dair yekun müşavirə keçirilib.

Bu barədə “AzeriDefence” “Nuhçıxan”a istinadən məlumat verib. Naxçıvan Qarnizonunun rəisi general-leytenant Kərəm Mustafayev müşavirənin planını, iştirak edən rəsmi qonaqların və şəxsi heyətin tərkibini elan etdikdən sonra muxtar respublikada ordu quruculuğundan bəhs edən “Ordumuz qürurumuzdur” adlı film nümayiş etdirilib.

General-leytenant Kərəm Mustafayev 2018-ci tədris ilində qoşunlarda döyüş hazırlığının, döyüş və döyüşə hazırolmanın, maddi-texniki təminatın və hərbi intizamın vəziyyətini təhlil edərək məruzə edib. Bildirilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sırasına yüksəlib. Uzun illər müxtəlif mərhələlərdən keçərək formalaşmış  Əlahiddə Ümumqoşun Ordu bu gün yerləşdiyi coğrafi mövqeyə, kontingentinə və döyüş qabiliyyətinə görə keçmiş SSRİ və indiki MDB ölkələrinin silahlı qüvvələri səviyyəsində analoqu olmayan statusa malikdir. Bildirilib ki, 2018-ci il Naxçıvanın müdafiə qabiliyyətinin yüksəldilməsi baxımından yaddaqalan olub. İlham Əliyevin ötən il mayın 16-da Naxçıvana səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun 60 çarpayılıq yeni hərbi xəstəxanasının açılışında iştirak etməsi, silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə, “N” hərbi hissəsində və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Milli Qəhrəman Əmiraslan Əliyev adına Qaraçuq Sərhəd Dəstəsində yaradılan şəraitlə tanış olması dövlət qayğısını hər zaman üzərlərində hiss edən hərbi qulluqçularda böyük ruh yüksəkliyi yaradıb.

Azərbaycan Xalq Cümhuriyyətinin və Ordusunun 100 illik yubileyinin qeyd edildiyi 2018-ci ilin ən əlamətdar hadisələrindən biri də Əlahiddə Ümumqoşun Ordunun tarixə qızıl hərflərlə yazdığı Günnüt zəfəri olub. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu 1992-ci ildə işğal edilmiş Günnüt kəndi və ətraf əraziləri, ümumilikdə 11 min hektar torpaq sahəsinə nəzarəti qaytarıb, ön xətdə və dayaq məntəqələrində etibarlı müdafiə sistemi yaradılıb. K.Mustafayev bildirib ki, qazanılan nailiyyətlərin əsasında ilk növbədə vətənpərvərlik hissləri dayanır. Ötən il oktyabrın 30-da keçirilən Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimi bu fikri bir daha təsdiq edib.

Ötən il ərzində Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün tikilmiş yeni xidməti və yaşayış kompleksinin, yeni avtomobil parkının, Babək rayonunun Gərməçataq və Buzqov kəndlərində əsgəri-məişət komplekslərinin açılışında iştirak edib, yeni istirahət parkı və Açıq Səma Altında “Naxçıvan Döyüş Şöhrəti Muzeyi” ilə tanış olub, Ordu tərəfindən nəzarət altına götürülərək etibarlı müdafiə sistemi qurulan Günnüt kəndindəki hərbi hissədə şəxsi heyətlə görüşüb, yeni mövqelərdə xidmətin təşkili ilə maraqlanıb, “Günnüt əməliyyatı”nda iştirak edən əsgər və zabitləri mükafatlandırıb. K.Mustafayev vurğulayıb ki, ümumilikdə ötən il ərzində keçirilən tədbirlər şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə olduğunu təsdiq edib. Qarnizonun “Bir nəfər hamı, hamı bir nəfər üçün” şüarı əməldə özünü göstərib.

Məruzə ətrafında müzakirələr zamanı Naxçıvan Muxtar Respublikası hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Rəşad İsmayılovun, Hərbi Məhkəmənin sədri Polad Həsənovun, Dövlət Təhlükəsizliyi Xidmətinin İdarə rəisi, polkovnik-leytenant Ramin Əhmədovun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Niyaməddin Tağıyevin, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin müavini, general-mayor Hikmət Kərimovun, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandiri, polkovnik Səlim Niftəliyevin 2018-ci tədris ilində görülmüş işlər və 2019-cu tədris ilində qarşıda duran vəzifələrlə bağlı məruzə və təklifləri dinlənilib. Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini-qərargah rəisi, general-mayor Fazil Ağalarov “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı” haqqında ətraflı məlumat verib.

Müşavirəyə Naxçıvan qarnizonunun rəisi, general-­leytenant Kərəm Mustafayev yekun vuraraq 2019-cu tədris ilində döyüş və ictimai-siyasi hazırlıq üzrə fəaliyyət istiqaməti, qarşıda duran məqsəd və vəzifələrə dair Ali Məclis sədrinin tapşırıqlarını diqqətə çatdırıb. Bildirilib ki, yeni tədris ilində də Naxçıvan Qarnizonu qoşunları qarşıda duran bütün tapşırıqları layiqincə yerinə yetirəcək, Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən təsdiq edilən “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na uyğun olaraq döyüş qabiliyyətini yüksəldəcəkdir. Naxçıvanın müdafiə və mühafizəsi daha da təkmilləşdiriləcək, muxtar respublikanın təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı bir təhdidin qarşısı qətiyyətlə alınacaqdır.

Sonda döyüş və ictimai-siyasi hazırlıqda yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçuya “Şücaətə görə” medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medalları, qiymətli hədiyyə və “Fəxri Fərman” təqdim olunub.