30/10/2018 11:06

Naxçıvan Qarnizonu qoşunlarında Kəşfiyyat və Dağçılıq təlimləri başa çatıb

Əlahiddə Ümumqoşun OrdununDağ Təlim Mərkəzində Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı, kəşfiyyat və xilasetmə bölmələrinin cəlb edildiyi Kəşfiyyat və Dağçılıq təkmilləşdirmə kursları başa çatıb.

Bu barədə “AzeriDefence” “Nuhçıxan” İnformasiya Agentliyinə istinadən məlumat verib.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun təlimatçı qismində iştirak etdiyi kursların uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.

Əvvəlcə buraxılış mərasiminə hazırlıqla bağlı məruzə edilib, Türkiyə və Azərbaycan Respublikalarının Dövlət himnləri səsləndirilib.

Mərasimdə Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Tehran Mənsimov və Türkiyə Silahlı Qüvvələrinin zabiti, polkovnik Haluk Arpacıoğlu çıxış edərək bildiriblər ki, çətin dağlıq şəraitdə döyüş aparmaq vərdişlərinin, yaralıların və əmlakın təxliyəsi üsullarının, müxtəlif dağ ləvazimatlarının istifadə qaydalarının mənimsənilməsi məqsədilə keçirilən kurslarda iki qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq nümayiş etdirməsi hər birimizi daha da qürurlandırır.

Mərasimdə məzunlar adından çıxış edən kurs birincisi Nəriman Quliyev bildirib ki, hərbi qulluqçularda yüksək dözümlülüyün və yenilməz iradənin formalaşmasına xidmət edən Kəşfiyyat və Dağçılıq təkmilləşdirmə kurslarında qazandıqlarımız nəticəsində ən çətin döyüş tapşırıqlarını istənilən relyef və hava şəraitində yerinə yetirməyə hazırıq.

Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayev kursları müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək bildirib ki,hər iki qardaş ölkənin hərbi qulluqçularının Dağ Təlim Mərkəzində təşkil edilmiş kurslarda vətənpərvərlik hissləri ilə peşəkarlıq nümayiş etdirməsi hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunun əyani göstəricisidir.

Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu Komandanı kursları daha yüksək qiymətlərlə 1-ci, 2-ci və 3-cü yerdə başa vuran hərbi qulluqçularasertifikat, qiymətli hədiyyə və döş nişanlarını təqdim edib. Kəşfiyyat və Dağçılıq təkmilləşdirmə kurslarında təlimatçı qismində iştirak edən Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına qiymətli xatirə hədiyyələri təqdim edilib. Sonra kursları müvəffəqiyyətlə bitirən bütün məzunlara sertifikatlar və döş nişanları təqdim edilərək xidmətlərində uğurlar arzulanıb.

Kurs birinciləri tərəfindən xatirə lövhələrinə buraxılış emblemləri vurulub.