10/09/2019 12:43

Naxçıvan Qarnizonu qoşunlarının ən yaxşı kəşfiyyatçı-qumbaraatanları seçilib – FOTOLAR

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı və kəşfiyyat bölmələri arasında “Ən yaxşı kəşfiyyatçı-istehkamçı” və “Ən yaxşı kəşfiyyatçı-qumbaraatan”  adı uğrunda yarış keçirilib.

“AzeriDefence”nin “Nuhçıxan”a istinadən verdiyi məlumata görə, əvvəlcə yarış iştirakçılarının nəzəri bilikləri test üsulu ilə yoxlanılıb, hərbi topoqrafiyadan normativlər qəbul olunub.

Sonra mühəndis hazırlığından kəşfiyyatçı-istehkamçılar minaların qurulması, mina sahələrinin aşkar olunması və keçidin açılması, minaaxtaranın işə salınması və istifadə qaydaları, ağac konstruksiyalı elementin hesabatının aparılaraq partladılması üsullarını praktiki yerinə yetiriblər.

Ən yaxşı kəşfiyyatçı-qumbaraatan adını qazanmaq üçün əsgərlər qumbaraatanlardan praktiki atışları icra ediblər. Yarışın əsas mərhələsindən sonra fiziki hazırlıqdan normativlər götürülüb.

Nəticələrə əsasən “Ən yaxşı kəşfiyyatçı-istehkamçı” adına əsgər Sabir Əliyev və “Ən yaxşı kəşfiyyatçı-qumbaraatan” adına əsgər Fərdi Məmmədov layiq görülüb. Sonda qaliblər Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.