16/04/2018 13:43

Naxçıvan Qarnizonunun artilleriya bölmələri praktiki atışlar keçirib

Naxçıvan Qarnizonunda toplantı keçirildi

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci ilin döyüş hazırlığı planına əsasən, Naxçıvan Qarnizonunda tabor, divizion komandirləri və onların müavinləri ilə komandir hazırlığı toplantısı keçirilib.

Bu barədə “AzeriDefence” “Azərbaycan Ordusu” qəzetinə istinadən məlumat verib.

Toplantı zamanı şəxsi heyətin atəş, sıra və fiziki hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, zabitlərin döyüş zamanı tabeliklərində olan bölmələri idarəetmə bacarıqları qiymətləndirilib, həmçinin taborun yerləşmə rayonunda mühəndis və maskalanma tədbirlərinin yerinə yetirilməsi, növbətçi güc və vasitələrin fəaliyyəti, mühafizənin, kəşfiyyatın, hava hücumundan müdafiənin, rabitənin, tibbi təminatın təşkili, artilleriya bölmələrinin, qida və sursat təminatı məntəqələrinin ərazidə yerləşməsi əyani olaraq göstərilib.

Toplantı çərçivəsində artilleriya bölmələri praktiki atışları icra ediblər.

Toplantıya cəlb edilmiş şəxsi heyətdən fiziki və taktiki hazırlıq, həmçinin topoqrafiya və rəhbər sənədlərin tələblərini bilmələri üzrə məqbullar götürülüb. İştirakçılar suallar üzrə bilik və bacarıq nümayiş etdirərək yaxşı qiymətlər alıblar. Qaliblər mükafatlandırılmaları üçün yuxarı komandanlığa təqdim edilib.