19/07/2019 12:50

Naxçıvan şəhərində yeni hərbi zavod inşa edilir

2019-cu ilin yanvar-iyun aylarında Naxçıvan şəhərində qərargah binasının tikintisi başa çatdırılıb, yeni qərargah binasının, hərbi zavodun və mərkəzi hərbi xəstəxananın tikintisi hazırda davam etdirilir.

“Azeridefence”nin məlumatına görə, bu barədə “Nuhçixan”a Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, Babək rayonunda iki əsgəri-məişət kompleksi istifadəyə verilib, iki qərargah binasının, start komanda, yanacaqdoldurma, texniki qulluq, texnikaların yuyulması, texniki nəzarət, təmir və texniki xidmət məntəqələrinin, avtomobil dayanacağının tikintisi davam etdirilir.

Bundan başqa, Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilib, Babək və Şahbuz rayonlarının hər birində üç anqarın tikintisi davam etdirilir.

Kəngərli rayonunda hərbi hissədə zabit-gizir ailələri üçün yeni yaşayış binası istifadəyə verilib.

Şərur rayonunda Daxili Qoşunların hərbi hissəsində infrastruktur obyektlərinin və 3 saylı Sərhəd dəstəsi binasının tikintisi davam etdirilir.

Bununla yanaşı, cari ilin ötən dövründə Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib.