10/06/2019 19:40

Naxçıvanda Azərbaycan və Türkiyə Müdafiə nazirləri görüşüb – VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə Naxçıvanda görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Türkiyənin Milli Müdafiə nazirinin Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Qərargah binasının qarşısında rəsmi qarşılanma mərəsimi keçirilib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyənin Milli Müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib. Türkiyənin Milli müdafiə naziri “Xatirə kitabı”nı da  imzalayıb.

Sonra nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və ölkələrin maraqlarına cavab verdiyini vurğulayıb.

General-polkovnik Z.Həsənov xüsusi qeyd edib ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirir və bu, regiondakı sabitliyi təmin edən əsas amillərdəndir.

Türkiyəli nazir də öz növbəsində iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin, o cümlədən səmərəli əməkdaşlıq səviyyəsindən məmnunluğunu ifadə edib. Qonaq hər iki ölkənin müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərin, hərbi mütəxəssislərinin qarşılıqlı səfərlərinin, görüşlərinin əhəmiyyətindən danışıb.

Tərəflər Naxçıvanda keçirilən “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimində əldə olunan nəticələri yüksək qiymətləndirərək bu cür təlimlərin vacibliyini vurğulayıblar.

Görüşdə regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.