20/08/2014 06:32

Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Avqustun 19-da Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə nazirlər regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb və hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Eyni zamanda müdafiə nazirlərinin bu formatda hər altı aydan bir görüşünün keçirilməsi qərara alınıb.

Danışıqlardan sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilib və müdafiə nazirləri üçtərəfli görüşün yekunları barədə medianı məlumatlandırıblar.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib ki, görüş zamanı regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq, bölgədə sabitliyin təmin edilməsi yolları araşdırılıb: “Üç dost-qonşu xalq arasında münasibətlərin və fəaliyyətlərin üçtərəfli formatda inkişaf etdirilməsinin səmərəliliyi vurğulandı, bu formatda münasibətlərimizin gələcək perspektivlərini müzakirə etdik, qarşılıqlı maraq doğuran istiqamətlər barədə geniş fikir mübadiləsi apardıq. Bu formatda danışıqların genişləndirilməsi və Müdafiə Nazirlərinin üçtərəfli görüşlərinin hər il növbə ilə Azərbaycanda, Gürcüstanda və Türkiyədə keçirilməsi, əməkdaşlığımızın gedişatının müzakirə edilməsi və gələcək perspektivlərin müəyyənləşdirilməsi barədə qərar qəbul etdik”.

Nazir qeyd edib ki, üç ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlığının əldə edilməsi məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi, birgə seminar və konfransların təşkil edilməsi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi, neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin keçirilməsi, əməkdaşlıq sahələrinin genişləndirilməsi üçün üç ölkə mütəxəssislərinin ekspert görüşlərinin təşkil edilməsi məqsədəuyğun hesab olunub.