15/05/2015 21:19

Naxçıvanda Azərbaycan və Türk ordusundan möhtəşəm təlim – FOTOLAR

DÜŞMƏNƏ GÖZ DAĞIAzərbaycan və Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 12-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin birgə taktiki təlimləri başlayıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mayın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar birgə taktiki təlimi izləyiblər.

Təlimdə 1000-dən artıq şəxsi heyət, 150-dən artıq döyüş və digər texnika, 50-ə yaxın artilleriya və reaktiv qurğu, 4 atəş dəstək vertolyotu, 6 ədəd zenit-raket qurğusu iştirak edib. Təlimlərin keçirilməsində əsas məqsəd Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Üç mərhələdə keçirilən təlimlərdə bölmələr tərəfindən qarşılıqlı uzlaşma şəraitində müxtəlif döyüş tapşırıqları praktiki şəkildə icra olunub. Təlimdə birgə əks-hücum əməliyyatlarının təşkili və aparılması, zirehli qrupların düşmənin müdafiə xəttini yarmaqla təyin olunmuş istiqamətdə əlverişli həddi ələ keçirməsi, taktiki-hava desantının düşmən bölmələrinin arxasına atılması və hakim yüksəkliklərin ələ keçirilməsi, hücumda olan qoşunların dəstəyi üzrə hava-hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyətinin öyrənilməsi mövzularında tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri və vertolyotlar döyüş atışları və raket buraxılışlarını həyata keçiriblər.

Təlim ssenarisinə əsasən hava hücumundan müdafiə bölmələri zenit-raket kompleks vasitələri ilə dövlət sərhədini pozan düşmən təyyarələrini məhv edib. Hərbi birləşmələr yaylım atəşli reaktiv silahlar vasitəsilə hücuma keçən düşmənin idarəetmə məntəqələrini, canlı qüvvəsini, döyüş texnikalarını, artilleriya və minaatan batareyalarını zərərsizləşdirib, dayaq məntəqələrini və qovşaqlarını dağıdıb. Sonra atəş dəstək və döyüş-nəqliyyat helikopterlərinin müşayiəti ilə düşmən müdafiəsinin yaxın dərinlikdəki zirehli obyektlərinə zərbələr endirilib və düşmən üzərində atəş üstünlüyü əldə edilib.

Təmas xətti boyu mövqelərini gücləndirən və atəş üstünlüyünə yiyələnən Əlahiddə Ümumqoşun Ordusu bundan sonra düşmənə qarşı əks-hücum əmrini yerinə yetirib. Əvvəlcə özüyeriyən artilleriya qurğuları, müxtəlif çaplı toplar və minaatanlardan açılan atəşlə düşmənin canlı qüvvəsi məhv edilib. Ardınca tanklar, piyada döyüş maşınları, tank əleyhinə idarə olunan raket kompleksləri hücuma dəstək verərək düşmən müdafiəsinin ön xəttindəki atəş vasitələrinə zərbələr endiriblər. Bu zaman qarşı tərəfin müdafiə istehkamları və digər səhra qurğuları dağıdılıb, hərəkətdə olan və hərəkətsiz zirehli texnikalar yararsız hala salınıb. Əks-hücum əməliyyatına atəş-dəstək helikopterləri də qoşularaq düşmənin müdafiə dərinliyində aşkarlanmış canlı qüvvəsini və zirehli obyektlərini atəşə tutub.

Daha sonra Əlahiddə Ümumqoşun Ordusunun birləşmələri Türkiyə Silahlı Qüvvələrinin gücləndirilmiş tabor taktiki qrupları ilə birlikdə düşmən müdafiəsinin ön xəttini yarıb, piyada döyüş maşınları və tanklar dərinliklərə nüfuz ediblər. Artilleriya bölmələri atəş mövqeyini dəyişməklə hücum edən bölmələrə dəstək verib, Əlahiddə Ümumqoşun Ordusunun ön dəstələri sürətli hücum təşkil edərək qarşı tərəfin mühüm rayonlarını və həddini ələ keçiriblər. Hərbi təlimdə səyyar tibb və təmir təxliyə qrupları da fəallıq nümayiş etdiriblər.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birləşmələri və Türkiyə Silahlı Qüvvələrinin bölmələri qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirib, birgə hərbi təlim müvəffəqiyyətlə başa çatıb.

Sonda hərbi helikopterlər Azərbaycan və Türkiyə bayraqlarını səmada nümayiş etdirib, ümummilli lider Heydər Əliyevin “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikirləri səsləndirilib.

Azərbaycan müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev təlimin başa çatması barədə raport verdikdən sonra təlimdə iştirak edən şəxsi heyətlə görüş olub.

Ali Məclisin sədri Vasif Talıbov qardaş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrini, əsgər və zabitləri, eləcə də tədbir iştirakçılarını Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin uğurla başa çatması münasibətilə təbrik edib: “Bu təlimlər müstəqil ölkələrimizin iqtisadi və hərbi qüdrətinin göstəricisidir. 20-ci yüzilliyin əvvəlində böyük Mustafa Kamal Atatürk türk ordusunu yaratmaqla qardaş Türkiyəni xilas etdi. Həmin əsrin sonunda müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev də milli ordumuzu yaratmaqla Azərbaycanı parçalanmaqdan xilas etdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu sahəsində başladığı taleyüklü işlərin və vəzifələrin ölkə prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində bu gün Azərbaycan ordusu müstəqilliyimizin təminatçısıdır. Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikası ərazisindəki birləşmə və hissələri də böyük təşkilatlanma yolu keçiblər. Naxçıvandakı motoatıcı briqada quruculuq tədbirləri nəticəsində peşəkar hərbi heyətə və güclü maddi-texniki bazaya malik Əlahiddə Ümumqoşun Ordusu səviyyəsinə gəlib çatıb”.

Ali Məclisin sədri işğalçı erməni ordusu ilə üz-üzə dayanan Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrin yeni standartlar əsasında formalaşdırılmasında Türkiyə Silahlı Qüvvələrinin təmənnasız köməyini xüsusi qeyd edib, qardaş Türkiyə dövlətinə və Silahlı Qüvvələrinə dərin hörmət və ehtiramını bildirib: “Prezident İlham Əliyev əlaqələrimizin strateji əhəmiyyətini qiymətləndirərək deyib: “Bizim gücümüz bizim birliyimizdədir. Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür”. Bu gün bu güc, bu birlik böyük Atatürkün vaxtı ilə “türkün qapısı” adlandırdığı Naxçıvanda özünü bütün əzəməti ilə bir daha göstərdi. Azərbaycan-Türkiyə birgə hərbi təlimləri bir tərəfdən ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlığın, qardaşlığın göstəricisidirsə, digər tərəfdən ümummilli lider Heydər Əliyevin kəlamları ilə desək – iki dövlətin bir millətin bir ordusunun birliyinin nümunəsidir. Keçirilən birgə hərbi təlim bir daha göstərdi ki, o ordu güclü deyil ki, onun silah-sursatı və hərbi texnikası var. O ordu güclüdür ki, onun əsgər və zabitində döyüş ruhu güclüdür, vətənpərvərdir. Bugünkü təlimlər yüksək əsgəri ruhun, peşəkarlığın və vətənpərvərliyin ifadəsinə çevrildi”.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edərək deyib ki, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkədə ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikasının da müdafiə potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilir. Hazırda Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu yüksək döyüş qabiliyyətinə malikdir.

“Bugünkü birgə təlimlər bir daha sübut etdi ki, Naxçıvandakı hərbi birləşmələrin döyüş hazırlığı yüksək səviyyədədir və şəxsi heyət istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir”,- deyə nazir vurğulayıb.

Zakir Həsənov təlimdə qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiklərinə görə şəxsi heyəti təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Türkiyə Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar deyib ki, birgə hərbi təlimlərin uğurla yerinə yetirilməsi dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyənin silahlı qüvvələrinin güc birliyinin göstəricisidir: “Təlimləri izləyərkən bir daha əmin olduq ki, istər Azərbaycanın, istərsə də Türkiyənin silahlı qüvvələrinin bugünkü döyüş hazırlığı yüksək səviyyədədir. Hər iki silahlı qüvvələrin şəxsi heyəti verilən döyüş tapşırıqlarını peşəkarlıqla yerinə yetirməklə, eyni zamanda, iki ordu arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu nümayiş etdirdilər”.

Sonda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar hərbi təlimdə iştirak edən şəxsi heyətlə xatirə şəkli çəkdiriblər.