31/01/2014 11:42

Naxçıvanda Daxili Qoşunların zabit və gizirləri yaşayış binası istifadəyə verilib

Yanvarın 29-da Daxili Qoşunların Naxçıvan Alayında zabit-gizir ailələri üçün xidməti yaşayış binasının açılışı olub. Bu barədə “AzeriDefence” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin saytına istinadən məlumat verib.Mərasimdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak edib.

Tədbirdə qeyd olunub ki, alay müasir texnika, silah-sursat və avadanlıqla təchiz olunub, döyüş hazırlığı yüksəldilib. Hərbi hissədə xidmətin təşkili üçün yaradılan şərait qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirməyə imkan verir.

Hərbçilərə mənzillərin orderlərini və açarları təqdim edən V. Talıbov çıxışında qeyd edib ki, Daxili Qoşunların Naxçıvan Alayının şəxsi heyəti üçün xidməti yaşayış binasının istifadəyə verilməsi inkişaf və sabitliyin, eləcə də dövlətimiz tərəfindən vətəndaşlara göstərilən qayğının daha bir nümunəsidir.

Tədbirdə məlumat verilib ki, 12 mənzilli yaşayış binası 3 mərtəbədən ibarətdir. İki və üç­otaqlı mənzillərdə zabit ailələrinin məişət şəraitinin yaxşılaşdırılması üçün lazımi infrastruktur yaradılıb, məişət əşyaları qoyulub. Bina bütün zəruri mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunub.