18/10/2017 21:05

Naxçıvanda hərbi parad keçirilib – FOTOLAR

Oktyabrın 18-də – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü qeyd olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə iştirak ediblər.

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Dövlət Müstəqilliyi Gününün Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü ilə qeyd olduğunu bildirib, əlamətdar bayramlar münasibəti ilə tədbir iştirakçılarını, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublika ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini, bütün muxtar respublika əhalisini təbrik edib.

Ali Məclisin Sədri deyib: “Bu gün Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki təminatı davamlı olaraq möhkəmləndirilir, şəxsi heyətin döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı artırılır. Son 25 il ərzində muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilmiş, müxtəlif hərbi təyinatlı 214 obyekt istifadəyə verilmişdir. Əlamətdar yubiley günündə yeni Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsi də ordu quruculuğu sahəsində görülən işlərin davamıdır”.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev tədbirdə çıxış edərək deyib ki, bu gün muxtar respublikada hərbi xidmətin günün tələbləri səviyyəsində təşkili üçün hər cür şərait yaradılıb: “Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazası möhkəmləndirilib, ordu ən müasir silahlarla təchiz olunub, Əlahiddə Aviasiya hərbi hissəsi yaradılıb. Muxtar respublikadakı bütün hərbi hissələr, xüsusilə də müdafiə zolağında yerləşən döyüş mövqeləri əsaslı şəkildə yenidən qurulub, xidmətin nümunəvi təşkili üçün lazımi şərait yaradılıb. Həyata keçirilən kompleks tədbirlər hərbçilərin döyüş qabiliyyətinin və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə səbəb olub”.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edərək deyib ki, ümummilli liderin Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu tədbirləri bu gün Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin etibarlı təşkili ölkəmizdə həyata keçirilən ordu quruculuğu tədbirlərinin əsas istiqamətlərindəndir. Muxtar respublikada Əlahiddə Ümumqoşun Ordunun yaradılması və onun müasir silah, döyüş texnikası, aviasiya, hava hücumundan müdafiə qurğuları ilə təchiz olunması bu sahədə görülən işlərin tərkib hissəsidir. Bu gün Əlahiddə Ümumqoşun Ordu istənilən döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir”.

Sonra Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş hərbi parad keçirilib.

Hərbi paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunun, birləşmə və hissələrinin 2 min nəfərə yaxın şəxsi heyəti, 160-dan çox hərbi texnika və silah sistemləri, o cümlədən 10-dan artıq döyüş vertolyotu və təyyarəsi iştirak edib. Hərbi paradı minlərlə muxtar respublika sakini izləyib.

Paradda ilk olaraq Azərbaycan Respublikasının dövlət bayrağı altında Heydər Əliyev adına Hərbi Liseyin kursantları meydana daxil olublar. Bu gün Heydər Əliyev adına Hərbi Lisey mötəbər hərbi təhsil müəssisəsinə çevrilib. Gələcəyin zabitləri üçün hər cür tədris şəraiti yaradılıb. Liseyin məzunları Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif bölmələrində ləyaqətlə xidmət edir, Naxçıvanın qədim hərb ənənələrini şərəflə yaşadırlar.

Əlahiddə Ümumqoşun Ordunun mexanikləşdirilmiş, motoatıcı, xüsusi təyinatlı, kəşfiyyat, dağ atıcı, tank, reaktiv artilleriya, hava hücumundan müdafiə və rabitə bölmələrinin, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki-müdafiə alayının şəxsi heyəti nizami addımlarla tribunanın önündən keçiblər.

Sonra hərbi texnikanın keçidi olub.

Əlahiddə Ümumqoşun Ordunun bayrağının ardınca üzərində tank əleyhinə idarə olunan “Spike” raket kompleksləri quraşdırılmış “Qreat Wall” avtomobilləri, “Storm-3 Sufa” maşını, “Cobra” yüngül zirehli transportyoru, iriçaplı pulemyot quraşdırılmış “Sand Cat” avtomobilləri meydana daxil olub. Azərbaycanda istehsal olunan və beynəlxalq sərgilərdə böyük maraqla qarşılanan “Marauder” zirehli döyüş maşınları, “Orbiter-3B” pilotsuz uçuş aparatları tribuna önündən keçib. Sonra dağlıq ərazidə aparılan döyüşlərdə yüksək manevrliliyi ilə seçilən “Lançer” reaktiv artilleriya kompleksi, “Sani” minaatanları, avtomobillər üzərində quraşdırılmış müxtəlif markalı artilleriya qurğuları, tank əleyhinə D-44 topu və MT-12 topları, atəş dəqiqliyi və effektivliyinə malik D-30 haubitsası, D-20 və M-46 haubitsası, atəş uzaqlığı 35 kilometrə qədər olan “Qiasint-B” topları nümayiş olundu.

Hərbi paradda “BM-21 Qrad”, “Qrad-LAR”, “Sakarya”, “Qasırğa” yaylım atəşli reaktiv sistemləri, “Smerc” döyüş maşını, idarəetmə məsafəsi və məhvetmə imkanı artırılmış “Osa”, S-125 zenit raket kompleksləri, zirehli transportyor BTR-82A, piyadaların döyüş maşınları 2 və 3, özüyeriyən tank əleyhinə “Xrizantema-S” kompleksi, müasir aşkaretmə, izləmə və atəşaparma cihazları ilə təchiz olunmuş T-72M1 və T-90C tankları, eləcə də T-90C tankı üzərində quraşdırılmış TOS-1A reaktiv sistemi və özüyeriyən artilleriya qurğusu “Qvozdika” keçidi davam etdirib. Əlahiddə Ümumqoşun Ordunun silahlanmasında olan silah və texnika kolonunu ZQ-23-2 zenit qurğularının keçidi tamamlayıb.

Mi-17-1V hərbi vertolyotu Azərbaycan bayrağını dalğalandırıb, Su-25 döyüş təyyarələri, Mi-17-1V və Mi-35M vertolyotları müxtəlif döyüş düzülüşündə səmanı fəth ediblər. Bununla da hərbi parad başa çatıb.