17/09/2019 22:52

Naxçıvanda sərhəd zastavasının yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib.

Bu barədə “Azeri Defence” “Nuhçıxan” agentliyinə istinadən məlumat verib.

Mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iştirak edib.

Ali Məclis Sədrinə məlumat verilib ki, ikimərtəbəli qərargah binasında xidməti otaqlar, sinif otağı, əsgər və zabit yataqxanası, yeməkxana və ərzaq anbarı var. Yataqxana mebel dəstləri ilə təmin edilib, məişət guşəsi yaradılıb, soyutma və istilik sistemləri qurulub. Sinif otağında sərhəd xidmətinə aid ədəbiyyatlar və qəzetlər, eləcə də oxunması zəruri olan kitablar qoyulub. Sərhədçi ailələri üçün tikilmiş yeni xidməti yaşayış binasında 4 mənzil yerləşir. Mənzillərdə lazımi kommunal-məişət şəraiti yaradılıb, mebel dəstləri qoyulub, xalça hədiyyə edilib.

Ali Məclisin Sədri sərhədçi ailələri ilə görüşüb, onları xidməti mənzillərlə təmin olunmaları münasibətilə təbrik edib.

Sonra şəxsi heyətlə görüş olub.

Ali Məclisin Sədri sərhəd xidmətinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına “Niva” markalı iki xidməti avtomobil təqdim olunub.