23/08/2017 10:54

Naxçıvanda Su-25 döyüş təyyarələri təlim uçuşları həyata keçirib- VIDEO

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsinin Su-25 döyüş təyyarələri təlim uçuşları həyata keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlimata görə, Su-25 döyüş təyyarələrinə texniki baxış keçirildikdən sonra uçuşlara icazə verilib.

Uçuş zolağına doğru hərəkət edən təyyarələr Naxçıvan səmasında uğurlu uçuşlar həyata keçiriblər.

Modernizə edilmiş Su-25 hücum təyyarəsi döyüş meydanında, istənilən hava şəraitində, gecə-gündüz quru qoşunlarının bilavasitə dəstəklənməsi və müxtəlif obyektlərin məhv edilməsi üçün təyin edilib.

Su-25 döyüş təyyarəsi döyüşdə sağqalma və yüksəkmüdafiəli sistemlərə malikdir. Əsas diqqət pilot kabinəsinin və yanacaq sisteminin təhlükəsizliyinə yönəldilib.

Modernizə edilmiş Su-25 döyüş təyyarəsinin güclü döyüş kompleksinə müxtəlif toplar, aviabombalar, “Hava-yer” idarəolunmayan, “Hava-hava” idarəolunan raketlər daxildir. Ümumilikdə təyyarəyə 32 növ silah quraşdırıla bilər.

Təlim uçuşlarının müvəffəqiyyətlə aparılması bir daha onu göstərdi ki, Əlahiddə Ümumqoşun Ordunun digər birləşmə, hissə və bölmələri kimi aviasiya eskadrilyası da istənilən döyüş tapşırığını uğurla və qətiyyətlə yerinə yetirməyə hazırdır.

Uçuşları uğurla başa vuran heyətlərə komandanlıq tərəfindən təşəkkür elan edilib.