24/01/2015 12:55

Naxçıvanda yerləşən hərbi hissələrin maddi-texniki bazası gücləndirilir

Ötən il Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrin maddi-texniki bazası əhəmiyyətli şəkildə gücləndirilib.

“AzeriDefence”nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin saytına istinadən verdiyi məlumata görə, Naxçıvanda ordu quruculuğu tədbirləri çərçivəsində 2014-cü ildə Naxçıvan şəhərində əsgər yataqxanasının, üç anbarın tikintisi, su xətlərinin çəkilişi başa çatdırılıb, qərargah binasının, mərkəzi hərbi xəstəxananın, əsgər yataqxanasının və yeməkxanasının, iki yaşayış binasının tikintisi davam etdirilib.

Kəngərli rayonundakı hərbi hissədə Təlim-Tədris Mərkəzinin tikintisi, Şahbuz şəhərindəki hərbi hissədə əsgər yataqxanasının təmiri, Ordubad rayonunda hərbi hissənin avtomobil yolunun yenidən qurulması, hərbi hissədə təmir işləri başa çatdırılıb. “Naxçıvan” Sərhəd Diviziyasında və Şərur rayonunda hərbi hissə üçün infrastruktur obyektlərinin, Kəngərli rayonunda su anbarının tikintisi davam etdirilib.

2014-cü ildə muxtar respublikada Əlahiddə Ümumqoşun Ordusuna 15 ədəd “Mitsubishi-PAJERO”, 11 ədəd “Mitsubishi L-200”, 10 ədəd “UAZ”, 2 ədəd “FİAT” markalı xidməti avtomobil, 2 ədəd “Ford” markalı səyyar tibbi yardım və 1 ədəd rentgen flüoroqrafiya avtomobilləri verilib.