15/05/2015 21:30

Naxçıvandakı hərbi hissələrdə yeni obyektlər açılıb

Naxçıvan şəhərində yerləşən hərbi hissədə yeni qərargah binası və əsgər yataqxanası istifadəyə verilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar qərargah binasının açılışını bildirən lenti kəsiblər.

Məlumat verilib ki, yeni qərargah binası 4 mərtəbədən ibarətdir. Binada müasir xidmət otaqları, taktiki təlim sinfi və istirahət guşəsi var. Yeni qərargah binası müasir idarəetmə prinsiplərinə uyğun qurulub. Burada zabitlərin xidmət şəraitinin yüksəldilməsi üçün bütün imkanlar mövcuddur. Xidmət otaqları bütün lazımi avadanlıqlarla təmin edilib, kompyuterlər quraşdırılıb. Taktiki təlim sinfində proyektor və digər müasir təlim avadanlıqları qoyulub.

Üç mərtəbədən ibarət olan əsgər yataqxanası isə 900 yerlikdir. Burada yataq otaqları, məişət guşələri, istirahət otaqları, ideoloji, silah və zabitlər üçün xidməti otaqlar var. Yataqxanada əsgərlər üçün müasir sosial-məişət şəraiti yaradılıb. Yataq otaqları keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla təchiz olunub. “Xidmət etdiyim diyar” guşəsində muxtar respublikanın tarixi və təbiət abidələrinin, quruculuq ünvanlarının fotoşəkilləri yerləşdirilib.

Yüksək şəraiti olan əsgər yataqxanasının istirahət və təlim otaqları da müasir tələblərə cavab verir. Binada əsgərlərin asudə vaxtının səmərəli təşkili nəzərə alınıb, ideoloji otaqda ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən kitablar, bədii ədəbiyyatlar, məlumat stendləri, qəzet və jurnallar qoyulub.