17/12/2018 11:04

Nazir müavini: AMEA və digər təşkilatların müdafiə sənayesində həyata keçirdikləri işlərin tənzimlənməsi MSN iştirakı ilə aparılmalıdır

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev son zamanlar Azərbaycan Milli Elmlər Akademiyası və digər təşkilatlar tərəfindən müdafiə təyinatlı məmulatların yaradılması istiqamətində həyata keçirilən işlərə münasibət bildirib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bununla bağlı məqamlara da diqqət yönəldib. Nazir müavininin fikirlərindən göründüyü qədər MSN rəhbərliyi AMEA-da və digər özəl sektor şirkətləri tərəfindən müdafiə təyinatlı məmulatların yaradılması prosesinin MSN nəzarəti altında aparılmasını istəyir.

“Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasında, eləcə də respublikamızın digər qurumlarında müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı işləri aparılır. Alimlərimizin bu sahəyə belə maraq göstərməsini çox müsbət hal kimi qiymətləndiririk. Nəzərə almaq lazımdır ki, nazirliyin əsasnaməsində əsas fəaliyyət istiqamətləri müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak və bu siyasətin həyata keçirilməsini təmin etmək, eləcə də müdafiə sənayesinin inkişafına nail olmaqdır. Bu sahədə aparılan işlərin tənzimlənməsi Müdafiə Sənayesi Nazirliyinin iştirakı ilə aparılmalıdır. Onu da qeyd edək ki, nazirliyin müəssisələrində dövlət başçısının tapşırığı əsasında müdafiə təyinatlı məmulatların istehsalını həyata keçirən ixtisaslaşmış sahələr yaradılmış və dövlət vəsaiti hesabına investisiyalar qoyulmuşdur. Hazırda həmin ixtisaslaşmış istehsal sahələrinin uğurlu fəaliyyəti nəticəsində respublikamızın güc strukturlarının müdafiə təyinatlı məhsullara olan tələbatının ödənilməsi ilə yanaşı, məhsullarımız xaricə də ixrac edilir. Bu sahədə məsələlərin effektiv həlli üçün alimlərimizlə birgə əməkdaşlığın genişləndirilməsinə dair danışıqlar aparılır”, – deyə nazir müavini vurğulayıb.

Qeyd edək ki, AMEA Yüksək Texnologiyalar Parkının rezidentləri Müdafiə Nazirliyi və digər güc strukturları ilə birlikdə müxtəlif təyinatlı layihələr reallaşdırır. Bunların arasında sərhəd mühafizə sistemləri, dronlar, kamikadze PUA-lar, məsafədən idarə olunan partladıcılar, döyüş modulları, simulyatorlar, hərbi texnikalar üçün akkumulyatorlar və s. var. Texnoparkın rezident şirkəti “Buta Armor” zirehli gödəkcə və dəbilqə istehsalına dair lisenziya alıb.

Özəl sektorda fəaliyyət göstərən daha bir neçə şirkət isə hərbi texnikanın, müxtəlif müdafiə təyinatlı məmulatların istehsalı və təmirinə lisenziya alaraq fəaliyyətə başlayıb. Bütün bunlar isə artıq dövlət və qeyri-dövlət müdafiə sənayesi müəssisələri arasında rəqabətin əsasını qoyub.