22/06/2018 21:27

Nazir: Orduda əsas diqqət qoşunların döyüşə hazırlıq və səfərbərlik tədbirlərinə yönəldilib

Azərbaycan Ordusunda 2018-ci il komandir hazırlığı və bütün səviyyədə olan komandirlərin real döyüş şəraitində qoşunların və silahların idarəedilməsi üzrə bacarıq və vərdişlərinin təkmilləşdirilməsi ili elan olunub.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib.

Nazir qeyd edib ki, ölkəni təcavüzdən, silahlı hücumdan müdafiəsinin təmin edilməsi üçün Azərbaycan Ordusunda əsas diqqət qoşunların döyüşə hazırlıq və səfərbərlik tədbirlərinə yönəldilib. Müasir təhdidlərə, risklərə və çağırışlara cavab vermək məqsədilə qoşunların döyüş qabiliyyətinin artırılması istiqamətində hərtərəfli kompleks tədbirlər icra edilir.

Cəbhə xəttində görülən işlər və həyata keçirilən tədbirlərdən bəhs edən Z. Həsənov qeyd edib ki, ərazinin real şəraiti nəzərə alınmaqla qoşunların müasir döyüşün aparılması tələblərinə cavab verən qüvvə və vasitələrlə hərtərəfli təmin olunması məqsədilə əsas tədbirlər həyata keçirilir.

“Döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə onların hazırlıq səviyyəsi planlı şəkildə və müxtəlif vaxtlarda qəfil yoxlamalarla hərtərəfli təftiş edilir. Müdafiənin ön xəttində bütün istiqamətlər üzrə zəruri fortifikasiya işləri yerinə yetirilib, mühəndis-istehkam təminatı təkmilləşdirilərək mövqelər möhkəmləndirilib, yeni mühəndis şəbəkələri, uzunmüddətli dəmir-beton atəş nöqtələri tikilib, əlavə torpaq sipərlər, qovşaqlar çəkilib, səngərlər və yeraltı əlaqə şəbəkələri hazırlanıb. Görülən bu işlər şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi imkanlarını xeyli dərəcədə artırıb. Çətin və dağlıq şəraitdə yerləşən döyüş mövqelərinə, o cümlədən kolonların maneəsiz və təhlükəsiz hərəkəti üçün yolların çəkilişi davam etdirilib, müasir tələblərə cavab verən rabitə və digər kommunikasiya vasitələri quraşdırılıb və yenilənib”, – deyə nazir vurğulayıb.