19/05/2017 11:46

Nazir: Yeni “Zərbə-KH” PUA-mız ilə düşmənin tanklarını 100 kilometrdən vurmaq mümkün olacaq

“Zərbə-KH” kumulyativ döyüş başlıqlı kamikadze pilotsuz uçuş aparatı (PUA) düşmənn cəbhənin yüz kilometrədək dərinliyindəki zirehli texnikasını və sığınacaqlarını məhv etməyə imkan verəcək.

Bu barədə “AzeriDefence”yə eksklüziv müsahibəsində müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

“Bundan sonra düşmənin – ermənilərin tank, piyada döyüş maşını və digər döyüş texnikası təmas xəttindən kilometrlərlə uzaqda dayanmalıdır. Daha o texnikalar heç bir işə yaramayacaq. “Zərbə” həm düşmənin texnikasının yerini kəşfiyyat etmək, həm də onları “ovlamaq” imkanına sahib son nəsil PUA-lardandır. Bu aparat ordumuza əlavə imkanlar qazandıracaq”, – deyə nazir qeyd edib.

“Zərbə” PUA-nın qəlpəli-fuqas başlıqlı konfiqurasiyasının testlərinin keçirildiyini və sifarişçiyə təhvil verildiyini deyən nazir Yavər Camalov “Zərbə-KH”nin kumulyativ döyüş başlığının MSN-in Elmi Tədqiqat İnstitutu tərəfindən hazırlandığını vurğulayıb.

“Bu başlığın PUA-ya inteqrasiyası “Aeronautics” şirkəti ilə birlikdə həyata keçiriləcək. Döyüş başlığı tam olaraq milli istehsaldır. Yaxın 3 ay ərzində “Zərbə”nin kumulyativ başlıqlı versiyasının testlərinə başlamağı düşünürük. Fuqas başlıqlıdan fərqli olaraq çalışmışıq ki kumulyativdə partlayıcı hissəni artıraq ki məhvetmə gücü böyük olsun”, – deyə Y.Camalov bəyan edib.

Nazir onu da bildirib ki, “Zərbə-KH” 100 km məsafədə kəşfiyyat apara və düşmənə zərbə endirə biləcək. “Orbiter-2” dizaynına əsaslanan “Zərbə” mürəkkəb radiomühitdə belə fəaliyyət göstərə bilir. PUA istifadə edilmədikdə geri qaytarıla bilər.